Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - Niyə?..
Xalid Kərimli: “İdxaldan asılılığın artması, yerli istehsalın olmaması bir sıra problemlər yaradır”
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır. 11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 13,3 % azalıb, idxal isə 22,8 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 700 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1 % azdır.
Maraqlıdır, idxaldan asılılıq qiymətlərə təsir edəcəkmi?
“Gələn il üçün 5,3 faiz inflyasiya ehtimal edilir, bu göstərici o deməkdir ki, qiymət artımı zəif formada özünü göstərəcək”
Iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın ixracının əsasını neft və neft məhsulları təşkil edir. 2023-cü ilin ilk 10 ayı ərzində ölkəmizin 29 milyard 345 milyon 994 min dollarlıq məcmu ixracının 26 milyard 633 milyon 463 min dollarını və ya 90,76%-ini neft-qaz sektoruna aid mallar təşkil edib. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43520,18 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6% azdır: “Azərbaycan keçən ildə, bu ildə idxaldan asılı olub. Təəssüf ki, gələn ildə ölkəmiz idxaldan asılı olacaq. İdxaldan asılılığın artması, yerli istehsalın olmaması bir sıra problemlər yaradır. Bu yekunda idxal inflyasiyası yəni qiymətlərin artması ilə nəticələnir”.
Ekspert sözlərinə görə, dünya bazarında baş verən qiymət dəyişikliyi bizə də təsir edir: “Cari il və gələn il 2021-2022-ci ildə olduğu kimi inflyasiya qeydə alınmayacaq. Dünya bazarında ərzaq məhsullarının qiyməti 20 faiz aşağı düşüb. Azərbaycan Mərkəzi Bankı da gələn il üçün daha aşağı inflyasiya proqnozlaşdırır. Aşağı inflyasiya o demək deyil ki, inflyasiya olmayacaq, olacaq, lakin zəif formada. Məlumdur ki, inflyasiya qiymət səviyyəsinin artması deməkdir. Gələn il üçün 5,3 faiz inflyasiya ehtimal edilir. Bu il 10, geridə qoyduğumuz illərdə isə inflyasiya 15 faiz olub. Bu göstərici o deməkdir ki, qiymət artımı zəif formada özünü göstərəcək”.
Günel CƏLİLOVA