Ermənistan saziş və delimitasiyanın birlikdə aparılmasını niyə çox istəyir?..
Əli Mustafa: “Sərhədin dəqiqləşməsi prosesindən əvvəl yekun sülh müqaviləsinin bağlanması ona görə vacibdir ki…”
Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmürük və sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında deyib.
"35 illik münaqişə artıq başa çatıb. Azərbaycanın indi strategiyası sülhə nail olmaqdır. Bu, hər iki tərəfdən fəaliyyət tələb edir. Sülh müqaviləsi raket elmi deyil. Sülh gündəminə gedən yolda Azərbaycan üçün daha heç bir maneə yoxdur", - deyə Hacıyev bildirib.
Lakin bəlli olduğu kimi, Ermənistan sülh sazişi ilə delimitasiyanın birlikdə aparılmasını istəyir. Axı belə olarsa saziş xeyli uzana bilər. Çünki delimitasiya uzun prosesdir. Ola bilərmi ki, Ermənistan elə məhz prosesi uzatmağa görə delimitasiya və sazişin birlikdə aparılmasında təkid edir?
Siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, ermənilərin delimitasiya prosesini sülh sazişi ilə eyni vaxtda aparmaq təşəbbüsü növbəti erməni bicliyidir: “Onlar başa düşürlər ki, əsassız, qanunsuz şəkildə Azərbaycan torpaqları hesabına xeyli genişləniblər. Bu məsələlər aydınlaşmalıdır. Burada onlar belə hesab edirlər ki, 29,8 min kv km-lik ərazini saxlayaraq sülh bağlasalar, bu sazişdən uğurla çıxarlar. Paşinyan da yayılan müraciətində Ermənistan dövlətinin aradan qalxması ilə bağlı məsələyə toxunur. Anlaşılan odur ki, Ermənistan tərəfi başa düşür ki, uzun illər, sovet dönəmindən rusların himayəsi ilə Azərbaycan torpaqlarını qanunsuz zəbt ediblər. Azərbaycan tərəfi Ermənistanın qanunsuz oğurladığı əraziləri geri qaytarmaq istəyir. Ermənistan Qarabağdan çıxdı, bu bəllidir. Görünür, indi ermənilər hər hansı bir formada ərazilərini qorumağa çalışır. Biz qanunsuz şəkildə əldə olunan torpaqlarımızın Ermənistan tərəfində qalmasının qəti əleyhinəyik. Hər törədilən əməlin bir cəzası var. İndi məsələlər aydınlaşmalıdır, bilinməlidir ki, hansı ərazi bizimdir, hansılar onlarda qalmalıdır. Sülh sazişinin imzalanmasında da ərazinin qədəri çox vacibdir. Ermənistan da bu səbəbdən sülh sazişini gecikdirir. Sərhədin dəqiqləşməsi prosesindən əvvəl yekun sülh müqaviləsinin bağlanması ona görə vacibdir ki, orda əks olunacaq bəndlərdən biri məhz rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması olacaq. Ermənistan bunu sözdə tanısa da, konkret müqavilədə əks olunması vacibdir. Erməni tərəfi anlayır ki, sərhədlərinin delimitasiya və demarkasiyası üzrə yekun sənəd imzalansa da, bu texniki bir sənəd olacaq. Lakin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi siyasi sənəd olacaq. Buna görə də rəsmi İrəvan delimitasiya və demarkasiya prosesini yekun sülh müqaviləsindən öncə ilkin şərt olmadan həll etmək istəyir”.
Məhəmmədəli QƏRİBLİ