İcbari tibbi sığortada Prezidentin bu yeniliyinin xalqa nə faydası olacaq?..
Adil Qeybulla: “Müştərək maliyyələşmə vətəndaşların sosial müdafiəsinə xidmət edir”
Icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınıb. Bu, Prezident İlham Əliyevin imzaladığı “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
“Müştərək maliyyələşmə daha çox təxirəsalınmaz tibbi yardıma aiddir, bəzən ağıla gəlməyən, nəzərdə tutulmayan hadisələr və ya qəzalar baş verir ki…”
Icbari tibbi sığortada müştərək maliyyələşmənin əhəmiyyəti haqqında danışan professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müştərək maliyyələşmə vətəndaşların sosial müdafiəsinə xidmət edir: “Məlumat üçün deyim ki, dünyanın hər yerində bu xidmət var, tətbiq olunur. 2012-ci ilə qədər Türkiyədə xidmətlər dövlətlə vətəndaşlar arasında bölünüb. Hesab edirəm ki, zaman-zaman situasiyaya uyğun bu məsələlərlə bağlı vətəndaşların xeyrinə qərar verilə bilər. Ümumiyyətlə, müştərək maliyyələşmə daha çox təxirəsalınmaz tibbi yardıma aiddir. Bəzən ağıla gəlməyən, nəzərdə tutulmayan hadisələr və ya qəzalar baş verir ki, bunlar icbari tibbi sığortanın paketinə daxil olmur. Paketdə olmayan xidmətlərə zərurət yaranırsa, bu zaman bunu sığortaolunan ödəyir. Yəni icbari tibbi sığorta paketinin tərkibinə daxil olan tibbi xidmətlər çərçivəsindən kənara çıxan digər tibbi xidmətləri xəstə özü ödəyir. Ödəmə vətəndaşla dövlət arasında bölünür. Həmin müştərək ödəmə 2025-ci ilin yanvarın 1-nə qədət təxirə salındı”.
Günel CƏLİLOVA