ABŞ institutundan III Dünya Müharibəsi xəbərdarlığı - Rusiya hazırlıqlara başlayıb…
Rusiya Finlandiya, Estoniya və Latviya ilə həmsərhəd olduğu şimal-qərbdə hərbi birləşmələrini gücləndirib. Aprel ayında Finlandiyanın NATO-ya daxil olması ilə Leninqrad Hərbi Dairəsi yaradıldı. Rusiya lideri Putin son açıqlamasında Finlandiya ilə “problem yaşayacağını” bildirib və NATO-nun digər üzvlərini Helsinkini alyansa “sürükləməkdə” günahlandırıb.
Amerika Müharibə Tədqiqat İnstitutu (ISW) son yeniləməsində bildirir ki, Rusiya ordusunun şimal-qərbdə yenidən qurulması və genişlənməsi onun gələcək NATO-ya qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir.
İnstitut bəyan edib ki, Putinin müsahibəsi Kremlin alyansa qarşı “düşmən niyyətinə” işarədir və o, “Qərbin təhlükəsizliyi üçün etibarlı və əhəmiyyətli təhdiddir”.
ABŞ prezidenti Bayden isə bir müddət əvvəl Konqresdəki müzakirələri bir kənara qoyub Ukraynaya daha çox fövqəladə maliyyə vəsaitinin ayrılmasını təsdiqləməyə çağırıb və Putin Ukraynanı alsa, müharibənin NATO ölkələrinə də sirayət edəcəyini bildirib. Bunun "Amerika əsgərlərinin rus əsgərləri ilə döyüşməsinə" gətirib çıxaracağını deyib. Putin isə Baydenin bu açıqlamasına "bu tamamilə cəfəngiyatdır, düşünürəm ki, prezident Bayden də bunu anlayır" deyərək cavab verib.
Qeyd edilir ki, Ukraynanı işğal etməzdən əvvəl də Rusiya prezidenti Putin və Kreml bəyanatlar verirdilər ki, Ukraynaya müdaxilə etmək niyyətində deyillər. Ancaq bu gün Rusiya-Ukrayna müharibəsi ikinci ilini başa vurmaq üzrədir.
Ekspertlər bu vəziyyətin NATO ilə Rusiya arasında birbaşa münaqişəni və III Dünya Müharibəsinin başlaması təhlükəsini kəskin şəkildə artırdığını düşünür.
Tahir TAĞIYEV