"Karmen" MMC-nin un kisələri "göz dağına" çevrildi...
Bir neçə gün öncə sosial şəbəkələrdə "Karmen" MMC-yə məxsus un kisəsindən gəmiricilərin çıxmasını əks etdirən video yayıldı. İnsanlar həmin heyvanların un kisəsinə necə girdiyini, adıçəkilən firmanın buna necə göz yumduğunu, nəzarətsizliyi müzakirə edirlər.
Mövzu ilə bağlı "Karmen" MMC ilə əlaqə saxlamağa çalışdıq. Ancaq zənglərimizə cavab verən olmadı.
AQTA: “Məsələ nəzarətə götürülüb”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirildi ki, məsələ nəzarətə götürülüb.
Eyyub Hüseynov: “Unun içindən gəmirici çıxırsa, deməli, orada heç bir sanitar vəziyyətdən danışmaq olmaz”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istənilən dəyirmanda siçanlar yuva salır. Lakin həmin dəyirman sahibləri, biznes sahibləri elə şərait yaratmalıdırlar ki, həmin gəmiricilər ərzaq mallarına yaxın gəlməsinlər: “Təəssüf ki, bu şəraiti yarada bilməyiblər. Unun içindən gəmirici çıxırsa, deməli, orada heç bir sanitar vəziyyətdən danışmaq olmaz. Bu, artıq çox təhlükəlidir və gərək buna görə əhali adıçəkilən firma məhsulunu boykot etsin. Görünür, həmin gəmiricilər məhsul üyüdülməmişdən öncə kisəyə daxil olublar. Belə başa düşmək olar. Çünki üyüdülmə prosesində onlar iştirak edə bilməzlər. Bu yolverilməzdir”.
Ekspert onu da əlavə etdi ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsini tam əhatə edə bilmir. Agentlik çevik yoxlamalar apara bilmir, buna icazə yoxdur: “Qida yoxlamalarının qadağan olunması və qurumların cəld reaksiya mexanizminin olmaması belə vəziyyətin çoxalmasına gətirib çıxaracaq. Baxmayaraq ki, AQTA 3 ildir fəaliyyət göstərir, onların əlindən bu imkan gəlir ki, qida zəncirində iştirak edənləri reyestrə daxil etsinlər və planlı yoxlamalar aparsınlar. Planlı yoxlamalar zamanı da öncədən xəbər verilir və bu, uzun, bürokratik bir prosedurdur. Qarşı tərəf də bilir ki, yoxlama gəlir və nələri yoxlayırlar və sair. Hökumət qida sahəsində tətbiq olunan bu cür bürokratik yoxlamanı ləğv etməlidir və cəld reaksiya mexanizmi, cəld yoxlamalar bərpa olunmalıdır. Çox təəssüf ki, bu formada yoxlama hazırda tətbiq olunmur. Əlbəttə, AQTA-nın bu şəkildə "əli-qolu bağlı" vəziyyətdə və Azad İstehlakçılar Birliyinin bir ictimai təşkilat olaraq son dərəcə yetərsiz işləməsi gətirib o yerə çıxarıb ki, artıq un məhsullarının içindən gəmiricilər çıxır. Qeyd olunan belə bir fakt varsa, AQTA bu yöndə ciddi yoxlamalar aparmalıdır".
Günel CƏLİLOVA