Lerikli şəhid Savalanın 20-ci doğum günü qeyd olundu
Vətən, millət yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan Savalan Qafarovun heç 20 yaşı tamam olmamışdı. Amma o, bu kiçik ömür yolunda adını tarixə yaza bildi.
İndi Sarvan bütün Lerik camaatı üçün qürur yeridir. Onun dünyaya gəldiyi doğma Cəngəmiran kəndində anadan olmasının 20 illiyi münasibətilə anım tədbiri keçirildi..
Tədbir iştirakçıları əvvəlcə cəngəmiranlıların müqəddəs and yeri olan “Şəhidlər” abidə kompleksini ziyarət etdilər. Tədbirin davamı isə kənd mədəniyyət evində oldu. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı və Dövlət Himni səsləndirildi.
Şəhidin həyatı və döyüş yolu haqqında məlumat verən Birinci Qarabağ müharibəsi veteranı Müşfiq Məmmədov dedi:- 2003-cü ildə anadan olan, aramızdan vaxtsız gedən, şərəfli ölümü ilə milyonların ürəyində özünə əbədi yer edən Savalan İsfəndiyar oğlu Qafarovun qanına Vətən sevgisi ana südü ilə bərabər hopmuşdu. 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsindəki 218 saylı tam orta məktəbi bitirib, daha sonra Texniki Kollecdə təhsil alıb. 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Savalan Qafarov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı əbədiyyətə qovuşub. Binə qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid əsgər döyüş meydanında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 4158 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid Savalan Qafarova həsr olunmuş video-çarxın nümayişindən sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində, eləcə də son antiterror əməliyyatlarında Lerik rayonundan olan polad biləkli qəhrəman oğullar da misilsiz rəşadət nümayiş ediblər, “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adları verilmiş., müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların sırasında leriklilərin adları da çoxdur. Qəhrəman Vətən şəhidlərinin xatirəsini daim əziz tutmaq, onların həyatı və keçdiyi döyüş yolunu örnək olaraq həmişə təbliğ etmək hər birimizin ən müqəddəs borcudur.
Digər çıxışçılar - Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, kənd ziyalıları adından Əfqan Həsrətov, Hacı Adil Səmədov və Müqəddəs Feyruzov hər bir şəhidimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, onların qəhrəmanlığı, şücaəti, fədakarlığı gələn nəsillərə də həyat məktəbinə dönəcəyini bildirdilər.
Tədbirdə Cəngəmiran kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şerlər dalğa-dalğa ətrafa yayıldı, şəhidin xatirəsinə həsr olunmuş şahmat, dama, eləcə də inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı , şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim olundu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyini üzvü