Qondarma "DQR"-in rəhbər tör-töküntüləri yanvarın 1-ni gözləyir...
Elşad Həsənov: “Onların İrəvanda fəaliyyət göstərməsinə artıq qadağalar qoyulub”
Bir neçə gün sonra, 2024-cü ilin ilk günündə Qarabağdakı keçmiş qondarma qurumun ləğvi barədə qərar qüvvəyə minməlidir. 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra qondarma "Artsax" özünü buraxmaq barədə qərar qəbul edib.
Erməni mediası yazıb ki, separatçıların "parlament" üzvləri yenidən Samvel Şahramanyanla görüşüb. Əsas müzakirə mövzusu Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin ehtiyacları olub. Görüş zamanı Şahramanyanın "Artsax"ı ləğv etmək qərarının taleyi də müzakirə olunub. Məlumata görə, Şahramanyan müzakirələr zamanı qərarı barədə çox danışmayıb. Sadəcə qərarın özü tərəfindən verildiyini, nəticələrinə görə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, nə etməli olduğunu bilir.
DQR- ə son qoyulması nə formada olacaq? Adi bəyanatla, ya Ermənistanda məhkəmə yolu ilə qondarma DQR adlı qurumun fəaliyyəti qadağan ediləcək? DQR öz fəaliyyətini dayandırmaqdan imtina etsə biz nə etməliyik?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da 2023 - cü ilin 28 sentyabrında əldəqayırma “Dağlıq Qarabağ Respublikasının” sabiq “rəhbəri” Şahramanyan bəyanat verərək buraxıldıqlarını, qurumun fəaliyyətinin qadağan edildiyini bildirdi: “Bəyanatdan sonra da Azərbaycan ərazisində, Qarabağ bölgəsində olan ermənilər öz əşyalarını yığışdırıb, ərazini tərk etdilər. Ancaq Azərbaycan dəfələrlə onlara təklif etmişdi ki, qalsınlar, bizim qanunlarımıza tabe olsunlar. Bunun üçün də sosial şəbəkədə portallar açdılar. Amma bunun müqabilində həmin separatçı rejimin təkidi ilə hamısı çıxıb getdi. Az bir hissə erməni qaldı. Qalan ermənilər də Azərbaycanın müvafiq orqanları tərəfindən himayəyə götürüldü. Ona görə də, yanvarın 1 - də Ermənistanda hər hansı bəyanatın verilməsinin bizə heç bir dəxli yoxdur. Onların İrəvanda fəaliyyət göstərməsinə artıq qadağalar qoyulub. Bu barədə də erməni spikeri bildirdi. Ona görə də, onların hansısa bəyanat verməsi, verməməsi bizə təsir etmir. Əsas odur ki, separatçı rejim özünü buraxdı, rədd oldu getdi. Azərbaycana qarşı cinayətlər törətmiş əvvəlki rejimin rəhbərlərinin bir neçəsi həbsdədi, istintaqları gedir. Qalanları isə axtarışdadır. Ona görə də, biz onların fəaliyyətlərinin dayandırılmasını tam həll etmişik. Biz ərazilərimizi azad etmişik, ərazilərimizi abadlaşdırırıq, prezident seçkilərinə hazırlaşırıq. Bizim öz işimiz, öz planlarımız var. Ermənilərin bu yöndə atacağı istənilən addımın hüquqi və siyasi perspektivi olmayacaq”.
Şahramanyan yeni nəsə deməyib, sadəcə deyib ki, bu qərarı verən özüdür və nəticələrini daşıyır, ona görə də nə etməli olduğunu bilir. Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı “fərman”ı ləğv edib. Sadəcə, onlar “Qarabağ məsələsi üzrə beynəlxalq komitə”nin yaradılması istiqamətində intensiv iş aparır və bu komitə əvvəlki iclasda işə salınıb. Bununla Ermənistan siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup məşğul olsa da, onlar hələlik ciddi məxfilik şəraitində bu fəaliyyətləri həyata keçirmək qərarına gəliblər.
Məhəmmədəli QƏRİBLİ