Prezident hərbi təhsili təşviq edən təsirli islahat addımları atdı...
Abuzər Əbilov: “Bu, gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi baxımından böyük əhəmiyyətə malikdir”
2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə təsis edilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanda əksini tapıb.
2024–2025-ci tədris ilindən başlayaraq Fərmanda nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilməlidir:
ali təhsil müəssisəsi üzrə:
150 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
200 manat məbləğində hesabda yığılan ödəniş;
hərbi kolleclər üzrə:
100 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
150 manat məbləğində hesabda yığılan ödəniş;
hərbi liseylər üzrə:
50 manat məbləğində təqaüd;
100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
100 manat məbləğində hesabda yığılan ödəniş.
“... Ali Baş Komandanın bu sahəyə qayğısının təzahürüdür”
Hərbi ekspert Abuzər Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra ordu quruculuğunda tamamilə başqa bir yol, strategiya götürülüb. Onun sözlərinə görə, hərbi təhsil sahəsində stimullaşdırma və islahatlar baxımından Prezident İlham Əliyevin imzaladığı sözügedən Fərmanın böyük rolu var. “Faktiki olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra da lokal antiterror əməliyyatı göstərdi ki, hələ də müharibə bitməyib və Azərbaycana qarşı təhdidlər var. Bu təhdidlər zaman-zaman olacaqdır. Çünki ətrafımızda bir sıra proseslər baş verir, bunun içində də güclənən, müasirləşən, inkişafa doğru addımlayan Azərbaycan var. Təəssüflər olsun ki, güclü Azərbaycanı bir çox siyasətçilərin, bir çox dövlətlərin gözü götürmür. Bəzi ölkələrin imperialist siyasətinə Azərbaycan cavab vermir. Ona görə də ordunun müasirləşdirilməsi, peşəkar səviyyəyə gətirilib çıxarılması əsas hədəflərdəndir. Ali Baş Komandan da öz çıxışlarında, fərmanlarında hər zaman hərb sahəsinin inkifaşına maraq göstərməkdədir. Azərbaycan Ordusu həm texniki baxımdan, həm şəxsi heyət, həm də digər baxımdan hər zaman diqqətdə saxlanılır. Prezidentin imzaladığı bu fərmanı müsbət qarşılayırıq və bu, gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bundan əvvəl də Ali Baş Komandanın bir sıra hərbi təmayüllü fərmanları olub ki, professionallaşan Azərbaycan Ordusu üçün prioritet məsələlərdəndir. Bu fərmanlardan və digər atılıan addımlardan belə görünür ki, Azərbaycan artıq öz professional ordusunu qurub və bundan sonrakı gedişlərdə də, illərdə də professional ordu baxımından iri addımlar atacaq. Əsasən də hər birimizə məlumdur ki, Azərbaycanın xüsusi təyinatlı qüvvələri, komondos qüvvələri hazırda yüksək səviyyədədir. Aparılan əməliyyatlar bunu göstərdi. Bundan sonra da təkmilləşdirmə olacaq.
Qaldı gənclərin stimullaşdırılması məsələsinə, Ali Baş Komandan hər zaman ordu quruculuğu sahəsində böyük işlər həyata keçirir. Hesab edirəm ki, bu fərman da gənclərin hərbi təhsilə daha çox maraq göstərməsinə səbəb olacaq. Hərbi təhsil alan gənclər üçün aylıq ödəmələrin təsis edilməsi təqdirəlayiq haldır. Bu, gənclərin həyatında mühüm rola malik olacaq. Hətta burada onların ailələrinə də maddi yardım nəzərdə tutulub. Bu da çox mühümdür. Bu, Ali Baş Komandanın bu sahəyə qayğısının təzahürüdür”-deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA