Putindən təhdid kimi açıqlama - Finlandiya ilə heç bir problem yox idi, amma indi olacaq...
Finlandiyanın NATO-ya daxil olması Avropanın şimalındakı təhlükəsizlik mənzərəsində böyük dəyişikliklərə səbəb oldu və alyansın Rusiya ilə sərhədini təxminən 1300 kilometr artırdı. Bu həm də NATO-nun genişlənməsinə qarşı tez-tez xəbərdarlıq edən Putinə zərbə oldu.
Rusiya dövlət televiziyası “Rossiya 1”ə danışan Rusiya lideri Qərb dövlətlərinin Finlandiyanı NATO-ya sürüklədiyini bildirib. Putin deyib: "(Qərb) Finlandiyanı alıb NATO-ya sürüklədilər! Niyə, bizim Finlandiya ilə hər hansı mübahisəmiz olub? Bütün mübahisələr, o cümlədən XX əsrin ortalarında ərazi mübahisələri çoxdan həll olunub".
Sözlərinə davam edən Putin bildirib ki, indiyə kimi heç bir problem yox idi, amma indi olacaq: "Çünki indi biz orada Leninqrad hərbi dairəsini yaradacağıq və hərbi hissələri mütləq orada cəmləşdirəcəyik”.
Putin Rusiyanın NATO ölkələri ilə döyüşmək üçün heç bir iqtisadi, siyasi və ya hərbi səbəbi, heç bir marağı olmadığını deyib və əlavə edib ki, Moskvanın NATO ölkələrinə qarşı ərazi iddiası yoxdur: “Bizim onlarla (NATO ölkələri) münasibətləri korlamaq istəyimiz yoxdur, biz münasibətlərin yaxşılaşdırılmasında maraqlıyıq”.
TAHİR