“Həyata pozitiv baxaq!” adlı layihənin növbəti tədbiri keçirilib
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Həyata pozitiv baxaq!” adlı layihə həyata keçirilir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Dörd aylıq layihə dünyanın və ölkəmizin ən aktual mövzusu olan yeniyetmə və gənclərin intiharları ilə bağlıdır. Gəncləri özünəqəsd və intiharlardan çəkindirmək üçün bu layihə həyata keçirilir. Layihə çərçivəsində “ÖZÜNÜ SEV! İntihar çıxış yolu deyil!” adlı kitab çap olunub. Həmin kitablar təşkil olunan tədbirlərdə şagird və tələbələrə paylanılması üçün nəzərdə tutulmuşdur. Layihənin ilk tədbiri Bakı şəhərində, R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə yüz nəfərdən artıq şagirdin iştirakı ilə keçirildi.
Layihənin yekun tədbiri isə Gəncə şəhərində Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə yüz otuzdan artıq tələbənin iştirakı ilə baş tutdu. Regional Kollecdə gənclərlə görüşə teatrşünas-tənqidçi Anar Bürcəliyev, yazıçı-jurnalist İsmayıl Abbasov, psixoloqlar Günel Maarifqızı və Sevda Murquzova qatılmışdır. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Lamiyə İsazadə ilk öncə layihə və layihənin donoru haqqında, eyni zamanda çap olunan kitab haqqında tədbir iştirakçılarını maarifləndirdi.
L.İsazadə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər intiharlarla bağlı apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumatı iştirakçıların diqqətinə çatdırdı. Milli-mənəvi dəyərlərimizdə intiharın hər zaman yaxşı olmayan bir əməl kimi görüldüyünü, intiharın dini inancımızda günah, adətlərimizdə özünə qəsdin cəmiyyət tərəfindən zəiflik kimi qarşılanmağını tələbələrə açıqladı. Birliyin sədri onu da qeyd etdi ki, qloballaşmanın, müxtəlif ölkələrin mədəniyyətlərinin inteqrasiyası cəmiyyətimizə müsbət nələrisə gətirdiyi kimi, təəssüf ki, intihar kimi mənfi halları da gətirir.
İntihar nə deməkdir, intihar qərarını verən bir fərd hansı düşüncə mərhələlərindən keçir, intihara aparan yollar və dinamikası, intiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri, intihar bir çıxış yoludurmu, yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa necə kömək edə bilərik kimi tələbələrin suallarını L.İsazadə və digər qonaqlar cavablandırdı. Tədbir diskussiya şəklində davam etdi. Psixoloqlar gənclərlə geniş fikir mübadiləsi apardılar. Sonda isə iştirakçı tələbələrə “ÖZÜNÜ SEV” İntihar çıxış yolu deyil” adlı kitab müəllif tərəfindən imzalanıb hədiyyə edildi.