Baş Planda inanılmaz - Bakı yenidən tramvaylara hazırdırmı?..
Yasin Mustafayev: “Tramvayların yenidən bərpa edilməsi o anlama gəlmir ki, Bakının hər yerində tramvay olacaq”
Xəbər verdiyimiz kimi, Bakının yeni Baş Planı hazırlanaraq hökumətə təqdim edilib. Yeni Baş Planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub. Paytaxtda tramvay xəttinin qurulacağı xəbəri isə cəmiyyətdə maraqla qarşılanıb.
Maraqlıdır, Bakı tramvay nəqliyyatına hazırdırmı?
“Əvvəlki tramvay xəttinin keçdiyi yollar indi çox yüklüdür, yaxud daralıb, ancaq elə yerlər var ki, orada tramvay xətti çəkmək olar”
Nəqliyyat eksperti Yasin Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakı şəhərinin Baş Planının hazırlanması uzunmüddətli, lakin çox ciddi və çətin prosesdir: “Paytaxtın gələcək taleyi, quruluşu, forması bundan asılıdır. Baş Planın necə təqdim olunacağı, hansı məqamları özündə əks etdirəcəyi bizim üçün də maraqlıdır. Baş Planda nəqliyyat infrastruktrunun gələcəyi, ümumən bu sistemdəki çatışmazlıqların əks olunması və tez bir zamanda həllini tapması çox vacib məsələdir. Çeşidli nəqliyyat vasitələrinin olması sərinişindaşımada mövcud olan qeyri-qənaətbəxş vəziyyətin aradan qaldırılmağında həll yollarından biridir. Tramvayların Bakıya qaytarılması məsələsi də bu baxımdan vacib amildir. Lakin bu tramvayların yenidən bərpa edilməsi o anlama gəlmir ki, Bakının hər yerində tramvay olacaq. Hansı küçələrdə, harada imkan varsa, yalnız orada olacaq”.
Ekspert onu da əlavə etdi ki, əvvəlki tramvay xəttinin keçdiyi yollar indi çox yüklüdür, yaxud daralıb. Ancaq elə yerlər var ki, orada tramvay xətti çəkmək olar. A və B nöqtələrini birləşdirən qısa xətt də olsa, bunu təşkil etmək mümkündür.
Günel CƏLİLOVA