Kamil Vəli Nərimanoğlu vəfat etdi
Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Bu barədə professorun tələbələri Kult.az-a məlumat verib. Bildirilib ki, Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. K.Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub. 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi.
Nərimanoğlu 1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi. Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi. O, 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdi.
Mətləb