Astaranın “yaşıl qızılı”...
Astara rayonunda çayçılığa xüsusi diqqət yetirilir. Həmçinin “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” nın icrası nəticəsində rayonda çayçılığın inkişafi ilə bağlı görülən işlər xeyli sürətlənib, barlı çay plantasiyalarına yeni əkin sahələri əlavə olunmuşdu. Son illər burada kənd təsərrüfatının ənənəvi və gəlirli sahəsinə çevrilən çayçılıq torpaq adamının güzəranına daha yaxşı təsir göstərir. Odur ki, astaralılar çayçılığa böyük maraq verir, düzgün aqrotexniki qulluq nəticəsində, eləcə halal zəhmətə məhəbbəti hesabına bol və yüksək keyfiyyətli məhsul əldə edirlər.
Hazırda rayonda 231,5 hektar “yaşıl qızıl” sahəsi vardır. Car ildə sahələrdən 708,5 ton məhsul yığılıb. Göstərilən rəqəm keçən ilin müvafiq dövrünə nisbətən 46,0 ton artıqdır. Məhsuldarlıq isə 2,0 sentner artaraq 30,6 sentnerə çatıb. Dərilən yarpaqların keyfiyyətinə də söz ola bilməz.
Nəzərə çatdıraq ki, rayonda çayçılıqla 3 kənd təsərrüfatı müəssisəsi məşğuldur. Hazırda həmin müəssisələr tərəfindən 186,4 ton yaşıl çay yarpağı istehsal edilərək təhvil verilib. Qalan 522,1 ton “yaşıl qızıl” isə rayonda fəaliyyət göstərən əhali təsərrüfatları hesabına hasil olunub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü