Vətənin şahin oğlu – şəhid Şahin Ağayev... - FOTO
Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən növbəti tədbir Vətən müharibəsi şəhidi Şahin Azər oğlu Ağayevin qısa ömrünün 30 illiyinə həsr edilmişdi.
Kitabxananın əməkdaşı R.Dadaşovun giriş sözü ilə açılan tədbirdə bildirildi ki, 44 günlük haqq savaşımızda Vətən müharibəsində igidlik və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də şıhid Şahin Ağayev olub. Xalqımıza qələbə sevincini belə qəhrəman Vətən oğulları yaşadıb. Şahin indi bütün Azərbaycan xalqı üçün iftixar mənbəyi, qürur yeridir. Vətən naminə şüurlu şəkildə sinəsini düşmən gülləsinə sipər edən oğullar ölməzdir.
Daha sonra qəhrəman döyüşçümüzün həyat və döyüş yolu haqqında ətraflı məlumat verən kitabxananın digər əməkdaşı Ş.Nəsirova dedi: - Şəhid Şahin Ağayev 1993-cü ildə Bakı şəhərində anadan olub. Nümunəvi xidmətlərinə görə dəfələrlə hərbi hissənin “Fəxri fərman” və “Təşəkkürnamə” sinə layiq görülüb. Qəhrəman Vətən sevdalısı Ş.Ağayev 44 günlük haqq savaşımızda döyüşlərə Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçısı kimi qatılıb. Oktyabrın 25-də Qubadlıda yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Əvvəlcə Qaradağ rayonundakı ümumşəhər qəbiristanlığında dəfn olunan Şahin Ağayevin məzarı az sonra Bakı şəhərində İkinci Fəxri Xiyabana köçürülüb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında Şahin Ağayev ölümündən sonra “Vətən uğrunda”, Füzulinin və Cəbrayılın azad görə medallarla təltif olunub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü