Yol pulu və kirayə haqqını hansı tələbələr ala biləcək...
Elmin Nuri: “Tələbələrin rifahını, sosial həyatını yaxşılaşdırmaq lazımdır”
“Tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması hədəflənir”. Bunu Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev bildirib. O deyib ki, bu məqsədlə müəyyən mexanizm təklif edilir.
Yeniliklərdən biri sosial cəhətdən həssas qrupları əhatə edir. Tələbələrə kirayə haqqı və yolpulunun verilməsi müzakirə olunur. Yeniliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.
Maraqlıdır, hansı tələbələr bu inkanlardan yararlana biləcək?
"Tələbə özünün tələbə kartı, vəsiqəsi ilə nəqliyyatdan güzəştli şəkildə istifadə edə bilər”
Təhsil eksperti Elmin Nuri bildirdi ki, son bir neçə ildə tələbə təqaüdlərinin məbləği artırılıb. Üstəlik, ödənişli əsaslarla oxuyan bir çox tələbəmiz də təhsil göstəricilərinə görə dövlət əsasında oxuyan tələbələr kimi təqaüd alıb, öz ehtiyaclarını müəyyən qədər də olsa, ödəyə bilirlər. Dövlətin bu istiqamətdə gördüyü işlər çox təqdirəlayiqdir: “Amma tələbələrin rifahını, sosial həyatını yaxşılaşdırmaq üçün bu heç də yeganə addım deyil. Xarici ölkələrdə bununla bağlı tətbiq olunan çox əla nümunələr var. Xarici ölkələrdə tələbələrə edilən güzəştlər arasında ilk yeri yol-nəqliyyat xərcləri tutur. Tələbə özünün tələbə kartı, vəsiqəsi ilə bəzi ölkələrdə nəqliyyatdan pulsuz, bəzilərində isə xeyli güzəşt olunmuş formada yararlanır. Bəzi ölkələrdə isə tələbələrə nəqliyyatdan pulsuz istifadə üçün müəyyən limit qoyulur. Bu nədən bizdə də olmasın?! Açığı, yataqxana imkanları olmayan, həmçinin, paytaxtda ailələri ilə yaşamayan tələbələrə nə zamansa əlavə kirayə haqqının verilməsi kimi güzəştlər, inandırıcı deyil. Amma ən azından minimal güzəştlərlə nələrisə edə bilərik.
Həmçinin, universitetlər böyük restoranlar şəbəkəsi ilə müqavilələr bağlamalı və buna imza atan ali təhsil müəssisəsinin tələbəsi həmin iaşə ocaqlarında nisbətən güzəştli şərtlərlə qidalanmalıdır. Eyni nümunəni kitab satışı məntəqələrinə, geyim dükanlarına, apteklərə şamil etmək mümkündür. Unutmayaq ki, tələbəni minimal maddi yükdən belə xilas etmək onun üçün çox böyük avantajdır".
Güne.l CƏLİLOVA