Tramp qorxusu Konqresi hərəkətə gətirdi - ABŞ-ı NATO-dan çıxara bilməyəcək...
ABŞ Konqresi prezidentə qanunvericilərin razılığı olmadan ölkəni Şimali Atlantika Alyansından (NATO) çıxarmağı qadağan edib. Müvafiq bənd Konqresin hər iki palatası tərəfindən təsdiqlənən 2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləri Aktında yer alıb.
“Bundan sonra prezident ABŞ-ın NATO-da iştirakını dayandıra, müqaviləni denonsasiya edə və ya 1949-cu il aprelin 4-də Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsindən çıxara bilməz. Bunun üçün senatorların üçdə ikisinin dəstəyi və ya Konqresin təsdiqi lazımdır”, - deyə sənəddə bildirilir.
Qeyd edək ki, hazırda ABŞ-ın NATO-dan çıxması ilə bağlı hər hansı müzakirə və ya söz-söhbət yoxdur. Ancaq bir müddət öncə “The New York Times” qəzeti 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ-ın sabiq prezidenti Donald Trampın qələbəsinin ölkənin NATO-dan çıxması ilə nəticələnə biləcəyini yazıb. Belə ki, Birləşmiş Ştatların sabiq lideri ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaq və Rusiya ilə saziş imzalamaq istəyini dəfələrlə bəyan edib.
Konqresdə prezidentin ölkəni NATO-dan çıxarmaq imkanının məhdudlaşdırılması çox güman ki, elə birbaşa bununla bağlıdır.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında baş tutacaq. Həm hazırki prezident Bayden, həm də Tramp prezident seçkisində namizəd olmaq niyyətindədirlər.
TAHİR