Britaniyadan xəbərdarlıq - Gürcüstan Rusiya-Ukrayna müharibəsinə cəlb edilir...
Gürcüstanda Rusiyanın dəstəklədiyi separatçıların idarə etdiyi Abxaziya bölgəsindəki Rusiya bazasının peyk görüntüləri yayılıb. Görüntüləri araşdıran Böyük Britaniyanın yayım şirkəti BBC müəyyən edib ki, bölgədə sualtı qazıntı və tikinti işlərinə başlanılıb.
Rusiya ilə Qara dəniz sahilindəki Oçamçiredə Rusiya donanması üçün daimi baza yaratmaq üçün oktyabrda müqavilə imzaladıqlarını ifadə edən Abxaziya regional lideri Aslan Bjania, bazanın 13 min tona qədər yük daşıya bilən böyük gəmiləri qəbul edə biləcəyini söyləmişdi.
Gürcüstan müxalifəti isə Rusiya bazasından narahatdır. Ötən ay 50 müxalifət deputatı NATO və Aİ-ni regionda daimi Rusiya bazasının yaradılması planına qarşı birgə hərəkət etməyə çağırıb.
Kremllə yaxın münasibətləri olan Gürcüstan hökuməti də Rusiyanın hərbi dəniz bazası planını pisləyir, lakin bunun təhlükə yaratmadığına inanır.
Mövzu ilə bağlı BBC-yə açıqlama verən Gürcüstanın Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samkaradze bildirib ki, Oramçiredəki bazanın tikintisinə başlansa belə, bunun tamamlanması ən azı üç il çəkəcək: “Biz diqqətimizi gələcəkdə nə baş verə biləcəyinə deyil, ani təhdidlərə yönəldirik”.
Samkaradze deyib ki, onlar üçün prioritet Abxaziya və Cənubi Osetiyanın separatçı bölgələrinin sərhədində Rusiya qüvvələri tərəfindən qaçırılan Gürcüstan vətəndaşlarıdır.
Ukrayna kəşfiyyat xidməti isə Rusiyanın Oçamçiredəki yeni bazadan Qara dəniz donanmasını qorumaq üçün istifadə etmək istədiyini iddia edir. Britaniyanın Royal United Services Institute analitik mərkəzindən Natia Seskuria bildirib ki, baza Gürcüstanı Ukrayna müharibəsinin bir hissəsinə çevirə bilər.
Seskuria deyib ki, Putinə Gürcüstanı müharibəyə çəkmək lazımdırsa, bunu edəcək. Təəssüf ki, onun Gürcüstana təzyiq etmək üçün hər cür imkanı var.
O, iddia edirdi ki, Rusiya bu bazadan Ukraynaya hücum etmək üçün istifadə edə bilər və bu da, Gürcüstanı müharibəyə çəkmək demək olacaq.
Abxaziya beynəlxalq səviyyədə Gürcüstanın bir hissəsi kimi tanınsa da, 1990-cı illərdən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarəti altındadır.
Tahir TAĞIYEV