Rusiya kəşfiyyatının bu məlumatı, əslində Zelenskinin hakimiyyətini bərkidəcək...
Ramil Məmmədli: “Narışkinin dedikləri kəşfiyyat yox, təbliğat xarakterli fikirlərdir”
Rusiya kəşfiyyatının rəhbəri Yaxın Şərqdəki müharibədən sonra dünya gündəmində arxa plana keçən Ukraynadakı münaqişə ilə bağlı diqqətçəkən bir iddia ortaya atıb.
Belə ki, Qərb ölkələrinin Ukrayna prezidenti Vladimir Zelenskidən narazı olduğunu iddia edən Sergey Narışkin bildirib ki, Qərb Zelenskinin yerinə Ukraynada başqa bir adamı iqtidara gətirmək istəyir.
Qərbin Zelenskinin Rusiya ilə müharibədə öz gücünü göstərməkdə həddi aşdığına inandığını qeyd edən rusiyalı rəsmi bəyan edib ki, Rusiya ilə sülh razılaşmasına gedilməsinə razılıq veriləcəyi halda Zelenski danışıqlarda “faydalı” ola bilməyəcək. O bildirib ki, ABŞ Ukraynadakı müharibənin gedişindən razı deyil və Rusiya ilə razılaşmaya müsbət yanaşa bilər.
Rusiya kəşfiyyatının məlumatına görə, ötən ay Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin toplantısında Zelenskini əvəz edə biləcək şəxslər də müzakirə edilib. Bunlar arasında Baş Qərargah rəisi Valeri Zalujnı, hərbi kəşfiyyatçı Kirill Budanov və Kiyev meri Vitali Kliçkonun adı çəkilir.
Maraqlıdır, bu deyilənlər nə dərəcədə reallığı əks etdirir?
“Vaşinqtonun məqsədi odur ki, ukrainlərin qanı hesabına Rusiyanın resurslarını tükəndirsinlər”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Narışkinin dedikləri kəşfiyyat yox, təbliğat xarakterli fikirlərdir: “Bunu Böyük Britaniya və yaxud da İsrail kəşfiyyatı bəyan etsəydi, hardasa bəzi mülahizələrlə çıxış etmək olardı. Rusiya kəşfiyyatının bu iddia ilə çıxış etməsi rus mediasında Zelenskiyə qarşı aparılan təbliğat kampaniyanın tərkib hissəsidir. Ara-sıra Qərb mediası Zelenski ilə Zalujni arasında olan fikir ayrılıqlarından bəhs edir. Tutaq ki, Zalujni prezident seçkilərində qalib gəldi. Məgər bu yaranmış vəziyyəti kökündən dəyişəcək? Təbii ki, yox. Yaxud da Kirill Budanovun, Vitali Kliçkonun Zelenskinin yerinə gəlməsi bu baxımdan fundamental dəyişiliklərə səbəb olmayacaq. Qərbin belə bir istəyi olsaydı, Zelenski növbəti seçkilərdə iştirak etməyəcəyini bəyan edərdi. Məgər Zelenski bilmir ki, Qərbin dəstəyi olmadan Ukrayna Rusiya qarşısında duruş gətirməyəcək? O baxımdan bu iddiaların əsası yoxdur. Bəli, iki ilə yaxındır Ukraynada böyük fəlakətlər yaşanır. Ölkənin yaşayış məntəqələrinin bir qismi viran qalıb. Fikrimcə, ABŞ istəmir ki, Ukraynada müharibə tezliklə başa çatsın. Onların belə bir məqsədi olsaydı, zamanında lazım olan silahları verərdilər. Vaşinqtonun məqsədi odur ki, ukrainlərin qanı hesabına Rusiyanın resurslarını tükəndirsinlər. Rusiyanın hərbi resursları çox olsa da, prosesin uzanması resursların itkisi deməkdir. Həm maliyyə, həm də insan itkiləri davam etdikcə, bu, Rusiyaya daha çox zərər vurur. Düzdür, tarixən müharibələrdə Rusiya üçün insan itkisinin dəyəri olmayıb. Ancaq məsələ ondadır ki, son 30 ildə Rusiyada ciddi demoqrafik problemlər var. Bu tərəfdən də müharibə problemi daha da dərinləşdirir”.
Vidadi ORDAHALLI