Qoşunların sərhədlərdən “güzgü qaydasında” geri çəkilməsi yenidən gündəmə gətirilir...
Əli Orucov: “Bu yalanların ortaya atılmasında məqsəd prosesi uzatmaqdır”
“İrəvan və Bakı qoşunların sərhəddən çıxarılması imkanını müzakirə edir”. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanla razılaşmanın birinci hissəsi, xüsusilə İqlim Konfransı ilə bağlı məsələ icra olunub, ikinci hissədə əsirlərin dəyişdirilməsindən söhbət gedir: “Lakin bu, etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşma deyil. Məsələn, Ermənistan-Azərbaycan sərhədində qoşunların çıxarılması (“güzgü prinsipi”) təşəbbüsü ilə çıxış etdik. İnanırıq ki, bu, müsbət təsir göstərəcək və yeni eskalasiyanın qarşısını almağa kömək edəcək. Bu haqda razılaşmanın olduğunu demirəm. Bu ideyadır, müzakirə olunur, başqa fikirlər də var”.
Mirzoyan onu da qeyd edib ki, sülh sazişi üzrə işlərin böyük hissəsi görülüb və indi görüşmək, mühüm məsələlər üzrə yekun razılığa gəlmək lazımdır.
Maraqlıdır, erməni rəsmiləri sərhəddən qoşunların çəkilməsi məsələsi üstündə niyə belə əsirlər? Yeri gəlmişkən, bu günlərdə Avropa Parlamentində də bu məsələ müzakirə olunub. Orada da maddələrdən biri o idi ki, dünyanın guya Azərbaycana təzyiq göstərməli olduğu və nail olmalı olduğu məsələlərdən biri də qoşunların sərhəddən “güzgü prinsipi” ilə geri çəkilməsidir. Yəni Ermənistandan da geri çəkilsin, Azərbaycandan da. Aydın məsələdir ki, Azərbaycan buna getməyəcək. O zaman maraqlıdır, erməni tərəfi və havadarları niyə bunu təkrar-təkrar bəyn edirlər?
“Ordumuz Ermənistan ərazisinə girməyib, bizim qüvvələr strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləniblər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir neçə səbəbi var. Başlıca səbəbi odur ki, erməni tərəfi Azərbaycanın Ermənistan ərazisinə daxil olduğunu iddia edir. Guya Azərbaycan Ordusu 2022-ci ilin sentyabrında və ondan sonrakı dövrdə Ermənistanın 200 kvadrat kilometrədək ərazisini ələ keçirib. Erməni tərəfi hesab edir ki, həmin ərazilər qaytarıldıqdan sonra Qazaxın 7, Naxçıvanın 1 kəndi qaytarıla bilər. Ermənistanda vaxtaşırı belə cəfəngiyat irəli sürürlər ki, kəndləri geri qaytarmaq olmaz. Bunu onunla əlaqələndirirlər ki, o halda Gürcüstanla əlaqələr kəsilə bilər. Halbuki, bu tamamilə absurd fikirdir. Çünki Ermənistanla Gürcüstanı 4 yol birləşdirir. Onlardan yalnız biri Qazaxın işğal altında olan kəndlərindən keçir. Digər tərəfdən, yol həmin ərazidən keçir deyə, kəndlərimiz işğal altında qalmalıdır? Təbii ki, bununla razılaşmaq olmaz. Başqa bir tərəfdən, sentyabr döyüşlərində ordumuz Ermənistan ərazisinə girməyib. Bizim qüvvələr strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləniblər. Ən başlıcası odur ki, Azərbaycan-Ermənistan sərhədi delimitasiya və demarkasiya olunmayıb. Bu baxımdan erməni tərəfi və onların havadarlarının ortaya atdığı iddiaların heç bir əsası yoxdur. Bu yalanların ortaya atılmasında məqsəd həm də prosesi uzatmaqdır. Onsuz da sülh sazişindən sonra sərhəddə heç bir ordu olmayacaq. Əsas odur ki, tərəflər arasında saziş imzalansın”.
Vidadi ORDAHALLI