XVI Qurultaydan müəllimlərin ümumi təmənnası - əsas dərdlərimizi müzakirə edin...
Kamran Əsədov: “Müəllimlərin XVI qurultayı qarşıdakı 5 il üçün maraqlı hədəflər qoyacaq”
15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək.
İki gün davam edəcək qurultayda ümumi təhsilin məzmununda və idarə olunmasında müasir yanaşmalar, peşə təhsili, müəllim hazırlığı, elm və ali təhsilin inteqrasiyası, inklüziv təhsil, məktəbəqədər təhsil, ayrı-ayrı fənlərin tədrisində yeni metodların tətbiqi və digər mövzuların müzakirə ediləcəyi gözlənilir.
Maraqlıdır, müəllimlərin XVI qurultayı Azərbaycan təhsilinə nə kimi töhfə verəcək?
“Müəllimlərin XVI qurultayında müxtəlif panellər var, əvvəl keçirilən qurultaylarda bu yox idi”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkədə 220 mindən çox təhsil verən, müəllim var. Onlar təhsilin müxtəlif pillələrində şagirdlərə bilik və bacarıq aşılayır: “Həmin müəllimlərin 150 mini orta ümümtəhsil məktəblərinin payına düşür. Qalanları isə orta ixtisas, peşə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışır. Azərbaycan müəllimi öz üzərinə düşən yükün öhdəsindən gələ bilir. Əlbəttə, bu gün dünya dəyişir. Müəllimlik əvvəlki səviyyələrdə qalmayıb. Müəllimlərdə yeni bacarıq və vərdiş olmalıdır. Son 20 il ərzində elm, texnika və texnologiya ciddi şəkildə inkişaf edib. Təhsil alanlar, şagirdlər yeniliklərdən istifadə edib, tətbiq etməkdə maraqlıdır. Etiraf edək ki, müəllimlər informasiya texnologiyalarının tətbiqi sahəsində geri qalır. Bu təəssüfləndirici haldır. Müəllimlərin XVI qurultayında müxtəlif panellər var. Əvvəlki qurultaylarda bu yox idi. Eyni zamanda, təhsil sahəsində tanınmış, tədqiqatla məşğul olan, bilik və bacarıqları olan şəxslər öz bilik və bacarıqlarını iştirakçılarla bölüşəcək. Bu olduqca yaxşı haldır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün beynəlxalq qiymətləndirmə tamamilə dəyişib. Müasir dövrün tələblərindən biri də odur ki, müəllim tək biliyi deyil, eyni zamanda, şəxsiyyəti də formalaşdırmağa dəstək olmalıdır. Bir sözlə, müəllim təhsilə aid bütün yeniliklərdən xəbərdar olmalıdır.
K.Əsədovun sözlərinə görə, son illər müəllimlərin sosial vəziyyətinin yaxşılaşması istiqamətində müəyyən işlər görülür. Onların əmək haqqı artır.
Ekspert hesab edir ki, qurultayda maraqlı məsələlərin müzakirə olunması gözlənilir: “Sinfin idarə olunması, müasir dəyərlərin formalaşması kimi məsələlər müzakirə predmeti olacaq. Məlumat üçün bildirim ki, bu qurultay 1906-cı ildən bəri 5 ildən bir keçirilir. Sonuncu dəfə 2018-ci ildə keçirildi. O zaman keçirilən qurultay çox maraqlı idi”.
K.Əsədov xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan müəllimi məğrur və qalibdir. Çünki 44 günlük Vətən müharibəsində qalib əsgəri müəllimlərimiz yetişdirib. Hətta dərs otağını müharibəyə, səngərə dəyişən müəllimlərimizdə oldu. Ona görə də bu gün Azərbaycan müəllimi qəhrəmandır.
Ekspert hesab edir ki, Müəllimlərin XVI qurultayı qarşıdakı 5 il üçün maraqlı hədəflər qoyacaq.
Günel CƏLİLOVA