Dünyanın 26 ölkəsindən olan səyyahlar Ağdamda olublar
Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdama gəliblər.
Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Səyyahlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, ən inkişaf etmiş şəhərlərindən biri idi. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Sonra səyyahlar Ağdam Çörək muzeyinin dağıntıları ilə tanış olublar. Diqqətə çatdırılıb ki, şəhərdəki bütün tikililər kimi, Çörək muzeyinin binası da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.
Xarici səyyahlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olub.
Qeyd edək ki, qrupa “NomadMania” klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harri Mitsidis başçılıq edir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.
Mətləb