Hind mediası Bakının Dehlidən silah almaq cəhdləri barədə ağ yalanlar yazdı...
Ramil Məmmədli: “Azərbaycanın silah almaq problemi yoxdur”
Ermənistanla davam edən münaqişə fonunda Azərbaycan üçüncü ölkə vasitəsilə Hindistandan silah almaq istədiyini açıq şəkildə bəyan edib. Bu barədə Hindistanın “ThePrint” nəşri yazıb.
İddia edilir ki, guya çox yaxın dost bir ölkə vasitəsilə gələn tələbə Hindistan tərəfindən məhəl qoyulmayıb. Qeyd olunur ki, Hindistan ikitərəfli münasibətlərini və prioritetlərini özü müəyyən edəcək, başqa heç bir ölkənin vasitəçilik etməsini istəmir. Vəziyyətlə tanış olan mənbələr bildiriblər ki, Bakı heç vaxt Nyu Dehli qarşısında silah alışı ilə bağlı birbaşa məsələ qaldırmayıb. Əvəzində üçüncü ölkə vasitəsilə Hindistana yaxınlaşaraq bildirib ki, əgər Yeni Dehli silahlarını ixrac etmək istəsə və uzunmüddətli tərəfdaş axtarırsa, Azərbaycana baxa bilər. Vəziyyətlə tanış olan mənbələr Azərbaycanın hərbi sazişlər bağlamağa hazır olduğunu bildiriblər. Qeyd olunur ki, Hindistan Ermənistanla olan münasibətlərdən çıxış edərək Azərbaycana silah satmaqdan imtina edib.
Bununla Hindistan mediası kimi aldadır? Məgər Azərbaycanın Hindistan silahına ehtiyacı var? Bakı bilmir ki, Hindistan Ermənistanın maraqlarından çıxış edir?
“Hindistan mediasında yazılanlar tamamilə ağ yalandır”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında Hindistan mediasında bununla bağlı yazılanların həqiqətdən tamamilə uzaq olduğunu bildirdi: “Bu, tamamilə yalan informasiyadır. Ən azından ona görə ki, Azərbaycan heç vaxt hansısa üçüncü ölkə vasitəsilə Hindistandan almağa çalışmaz. Birincisi ona görə ki, Hindistan Ermənistanla çox yaxın olduğu üçün əsla bizə silah satmaz. Bunu Azərbaycan yaxşı bilir. İkincisi, Hindistanın istehsal etdiyi silahlara dünyada elə də maraq yoxdur. Ona görə ki, bu silahlar hansısa formada müharibədə özünü doğrultmayıb. Belə olsaydı, mütləq bu özünü göstərərdi və Hindistanın silah sənayesi bundan yararlanardı. Üçüncüsü, Azərbaycan Pakistanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu baxımdan Pakistana düşmən münasibət bəsləyən ölkədən Azərbaycan silah almaz. Dördüncüsü, Azərbaycanın silah almaq problemi yoxdur. Azərbaycan İsraildən, Türkiyədən, Rusiyadan, bəzi Avropa ölkələrindən ən müasir silah kompleksləri alaraq ordunun arsenalını zənginləşdirir. Beşincisi, Azərbaycanın özünün yerli silah sənayesi var. Bir sıra silah və sursat ölkəmizdə istehsal olunur. Özü də bu silahlar təkcə yerli tələbatı ödəmək üçün yox, həm də ixrac məqsədilə istehsal olunur. Ona görə də hind mediasında yazılanlar tamamilə ağ yalandır”.
Vidadi ORDAHALLI