Rusiya bazaları Suriyadan, 102-ci baza İrəvandan çıxarıla bilər...
Arzuxan Əlizadə: “Ukraynada müharibə dayanandan sonra Ermənistanın belə bir şansı olmayacaq”
Məlum olduğu kimi, Suriyada Bəşər Əsəd rejimi çökəndən sonra artıq Rusiya hərbi bazalarının oradan çıxarılması prosesi başlayıb. Halbuki, bunun belə tez başlayacağı gözlənilmirdi. Ancaq hadisələrin sürətli inkişafı, Əsədə müxalif qüvvələrin qısa müddət ərzində ölkəni ələ keçirmələri situasiyanı dəyişdi.
O da məlumdur ki, Ermənistan müdafiə naziri intensiv olaraq Qərb ölkələrinə səfərlər edir, təmaslar qurur, bir sıra ölkələrlə müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalayır. Geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Suriyada baş verənlər Ermənistan hakimiyyətini Gümrüdəki 102-ci rus hərbi bazasının çıxarılması məsələsini gündəmə gətirməyə cəsarətləndirə bilərmi? Zatən arada ermənilər bunu gizlətmir. KTMT-ni iqnor etmələri, Aİ missiyasının Ermənistanda artan fəallığı və s. amillər bu baxımdan nə deməkdir? Gör Rusiya nə günə qalıb ki, az qala bu ölkənin XİN rəhbərinin müavini Mixail Qaluzin Ermənistana yalvarır. Qaluzin deyib ki, dekabrın sonunda Paşinyanın Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəyinə ümid edirik.
“Həmin dəstək Tramp administrasiyası dövründə davam edərsə, Paşinyan bazaların çıxarılmasını gündəmə gətirə bilər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, prinsipcə bu, uyğun situasiyadan asılıdır: “Bəli, uyğun məqam tam formalaşarsa, Paşinyan Rusiya hərbi bazalarının çıxarılması təşəbbüsü ilə çıxış edə bilər. Bunun üçün ilk növbədə Ermənistana Qərbin zəmanəti lazımdır. Birləşmiş Ştatlarsız isə belə bir zəmanətin verilməsi mümkünsüzdür. Məsələ ondadır ki, ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşür. Görüşdə, xüsusilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilir, Pentaqon Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlara dəstək verməyə hazır olduğunu bəyan edir. İlk baxışdan bu, adi bir səfər kimi görünə bilər. Ancaq reallıqda bu, heç də belə deyil. Çünki artıq neçə vaxtdır Ermənistanda ABŞ-la Rusiya arasında geosiyasi mübarizə gedir. Vaşinqton çalışır ki, Ermənistan KTMT-dən çıxsın, Rusiya bazaları oradan köçürülsün. Qərbin dəstəyi olmadan Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini dondurmağa cəsarət edərdimi? Şəxsən mən bunu real hesab etmirəm. Bayden administrasiyası Ermənistanı Rusiyadan qoparmaq üçün yetərincə dəstək verdi. Həmin dəstək Tramp administrasiyası dövründə davam edərsə və yaxud da güclənərsə, Paşinyan bazaların çıxarılmasını gündəmə gətirə bilər. Demokratlar Partiyası erməni lobbisi və Ermənistanla çox yaxın idi. Respublikaçılar Partiyasının timsalında belə bir yaxınlıq olmasa da, Trampın komandasında ermənilərə xüsusi rəğbəti ilə seçilən şəxslər var. Onlar bu məsələdə müəyyən qədər Trampa təsir edə bilərlər. Paşinyan fərqindədir ki, Rusiya Ukrayna bataqlığında olduğu bir müddətdə bunu edə bilər. Ukraynada müharibə dayanandan sonra Ermənistanın belə bir şansı olmayacaq. O üzdən, bazaların çıxarılması məsələsi növbəti ildəki proseslərdən asılı olacaq”.
Vidadi ORDAHALLI