Siyasi partiyaların pulu 1 milyon manat artırıldı...
Tural İsmayılov: “Azərbaycan siyasi partiyalara ən çox dəstək göstərən ölkələrdən biridir”
“Büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaitin sərbəstləşdirilməsi və bir sıra istiqamətlər üzrə xərclərin artırılması proqnozlaşdırılır”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin ötən iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı deyib.
Bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisinin maliyyə təminatının əlavə olaraq 815,0 min manat məbləğində artırılması, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat və ya 20 faiz artırılması proqnozlaşdırılır.
Siyasi partiyalara maliyyənin ayrılması partiyaların siyasi aktivliyinə necə təsir edəcək?
“Dünyada Azərbaycan kimi ölkələr azdır ki, dövlət rəhbərliyi müxalif partiyaların inkişafı, onların fəaliyyətində maraqlı olsun”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan siyasi partiyalara ən çox dəstək göstərən ölkələrdən biridir. Bunun özü bir daha sübut edir ki, ölkədə siyasi fəallıq, siyasi partiyaların Azərbaycan ictimai-siyasi mühitində təmsilçiliyi dövlətin hədəflərindən biridir: “Bu gün siyasi partiyalara göstərilən dəstək birbaşa ölkə başçısı İlham Əliyev tərəfindən təşviq edilir. Məlumat üçün deyim ki, dünyada Azərbaycan kimi ölkələr azdır ki, dövlət rəhbərliyi müxalif partiyaların inkişafı, onların fəaliyyətində maraqlı olsun. Gələn ilin dövlət büdcəsində Prezident İlham Əliyevin göstərişi ilə siyasi partiyalara ayrılan vəsait 20 faiz artırılıb. Bu artırılma ciddi rəqəmdir və siyasi partiyalara göstərilən qayğının göstəricilərindən biridir”.
Həmsöhbətimiz bildirdi ki, bu gün ölkəmizi qaralamaq istəyən xarici güc faktorları və həmin imperialist dairələrin əlində oyuncağa çevrilən qüvvələr Azərbaycanda siyasi müsbət, pozitiv, örnək addımları görmək istəmir: “Bu gün özlərini demokratiyanın beşiyi kimi təqdim edən Qərb ölkələrin çoxunda belə hakimiyyət qüvvələri heç vaxt müxalifətin inkişafında maraqlı olmayıb. Əksinə, onları rəqib kimi sıradan çıxarmaq üçün hüquqa zidd addımlar da atır. Həmin ölkələrə Azərbaycan nümunəsi örnək kimi təqdim edilə bilər”.
Günel CƏLİLOVA