"Əsəddən sonra Türkiyə və Avropanın Azərbaycan qazına marağı azalacaq" - proqnozun tutarsızlığı...
İlham Şaban: "Avropa Komissiyası həm öz ölkələrinə, həm də onların şirkətlərinə uzunmüddətli müqavilələr əsasında deyil, hərraclar vasitəsilə qısamüddətli müqavilələrə üstünlük vermələrini tövsiyə də etmir, onları buna məcbur edir"
Qətər-Türkiyə qaz kəmərinin Avropaya çəkilməsi layihəsi yenidən gündəmdədir. Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçən boru kəməri ilkin olaraq 2009-cu ildə siyasətçilər tərəfindən razılaşdırılsa da, Suriyada vətəndaş müharibəsinin başlaması səbəbindən təxirə salınıb.
Türkiyə xəbər agentliyinə müsahibə verən ekspertlər deyir ki, borunun uzunluğu və dəyəri nəzərə alınmaqla, “layihənin çətinliklərlə üzləşəcəyi gözlənilir”. Bundan əlavə, Türkiyənin Rusiya, İran və Azərbaycanla artıq uzunmüddətli qaz müqavilələri bağlaması, tələbata məhdudiyyətlər qoyan fakt da öz rolunu oynayır. Mənfi amillərə aşağıdakılar da daxildir:
-beynəlxalq sponsorlara regionun çox uzaq olduğu sabit mühit lazımdır;
-Avropa bazarında böyük rəqabət var, burada əsas oyunçular Amerika LNG ixracatçılarıdır;
-Səudiyyə Ərəbistanı Qətərlə siyasi qarşıdurma səbəbindən boru kəmərinin öz ərazisindən keçməsinə razı olmaya bilər;
-Aİ qaz strukturu tək bir bütöv deyil, maraqlı tərəflərin siyahısını razılaşdırmaq çox vaxt aparacaq;
-boru kəməri qazı öz yerini daha çevik həll yoluna - LNG təchizatına verir.
Layihənin həyata keçirilməsini şərtləndirən amillər arasında Avropanın 2050-ci ilə qədər karbon neytral olmaq üçün kömür istehsalını qazla əvəz etmək istəyi də var.
Hazirda Qətər qazını iki boru kəməri ilə daşımaq nəzərdən kecirilir - Qətər-Səudiyyə Ərəbstanı-İordaniya-Suriya-Türkiyə-Avropa və Qətər-Səudiyyə Ərəbistanı-Küveyt-İraq-Türkiyə-Avropa marşrut xətləri.
Ehtimallara görə, Türkiyə ərazisindən bu iki kəmərin Avropaya Qətərin zəngin qaz ehtiyatlarını daşıması Qərbin və Türkiyənin Azərbaycan qazına marağını azalda bilər. Sözsüz ki, hədəf Rusiyadır. Amma Azərbaycan da Avropaya qaz satir.
Sizcə, bu ehtimallar nə dərəcədə doğrula bilər, Azərbaycan qazına maraq azala bilərmi?
Baki-xeber.com saytının sualına cavabında iqtisadçı İlham Şaban bildirdi ki, Əsəd dövründə Avropa ila Qətər arasında 2007-2009-cu illərdə kəmər layihəsi ideyası mövcud olub: "Bu kəmər Türkiyədən kecməklə Avstriyanın Bamqar qaz qovşağına birləşməli idi. Kəmərin uzunluğu 4 min km təşkil edəcəkdi. Lakin bu layihə həmin dövr üçün nəzərdə tutulmuşdu. O, Nabucco layihəsinin qaz təchizatçilarından biri kimi çıxış etməli idi. İldə bu kəmərlə 30 milyard kub metr qazın Avropaya daşınması nəzərdə tutulurdu. Lakin indi o layihə artıq yoxdur - Nabucco layihəsi baş tutmadı.
İkincisi də, dünya bazarında dəyişən konyunktura trendləri qazın boru kəmərləti ilə deyil, tankerlərlə mayeləşdirilmiş formada daşınmasına gedir. Çunki Avropa Komissiyası həm öz ölkələrinə, həm də onların şirkətlərinə uzunmüddətli müqavilələr əsasında deyil, hərraclar vasitəsi ilə qısamüddətli müqavilələrə üstünlük vermələrini tövsiyə də etmir, onları buna məcbur edir. O baxımdan da hazırda belə layihələrin gerçəkləşdirilməsi mümkün deyil. Həm də bu layihəyə investor tapmaq çətindir. Bu, Qətərin marağında deyil. Ona görə ki, Qətərin 10 il bundan sonrakı dövr üçün öz qazının tankerlərlə daşınmaşı üçün hazır sifarişləri var. Hazırda Qətər istəsə belə, onun artıq qazı yoxdur ki, hansısa boru kəmərinə vursun.
Nəticə olaraq qeyd edək ki, hələ xəyali təsvirlərə malik olan bu iki kəmər layihəsinin reallaşması mümkün deyil ki, o, Azərbaycan qazına Avropada marağı azaltsın".
Akif NƏSİRLİ