Qolanda İsrailin işğalı davam edir - Suriyanın gələcəyi üçün yeni narahatlıq mənbəyi...
Dekabrın 15-də İsrail hökuməti Qolan təpələrinin ölkənin nəzarətində olan hissəsində İsrail əhalisini iki dəfə artırmaq planlarını təsdiqləyib. İsrailin baş naziri Binyamin Netanyahu deyib: “Qolanı gücləndirmək İsrail dövlətini gücləndirməkdir və hazırda biz onları saxlamağa, onların çiçəklənməsinə və məskunlaşmasına (bu ərazilərin – red. ) kömək etməyə davam edəcəyik”.
Netanyahunun ofisi bildirib ki, hökumət Qolanda demoqrafik artım üçün 40 milyon NIS-lik (10,4 milyon avro) layihəsini yekdilliklə təsdiqləyib.
Eyni zamanda, bu ölkənin yeni hakimiyyət orqanlarının hazırkı mərhələdə mülayim tonuna baxmayaraq, İsrail hakimiyyəti Suriyadan gələn təhlükələrin hələ də qaldığını qeyd edir. Bu üzdən də İsrail Suriyanın hərbi obyektlərini, hətta qaz, su, işıq qovşaqlarını belə bömbalamaqda davam edir. Dekabrın 8-dən etibarən İsrail Suriya ərazisinə 600-dən çox hava zərbələri endirib. Sonuncu güclü zərbə Tartus yaxınlığındakı hərbi bazaya endirilib. Zərbə o qədər güclü olub ki, regionda zəlzələ effekti yaradıb.
İstailin Qolan təpələrini işğalı və oradakı yəhudi sakinlərinin sayını 2 dəfə artıraraq 50 minə çatdırmaq qərarı Orta Şərqdə və Suriyada sülh quruculuğuna necə təsir edəcək?
Zərdüşt Əlizadə: "İsrail dövləti yaradıldığı ilk gündən onun məqsədi aydındır - Fərat çayından Nil çayına qədər ərazisi olan dövlət qurmaq!"
“Bakı-Xəbər” qəzetinin sualını cavablandiran politoloq Zərdüşt Əlizadə bildirdi ki, ABŞ və Amerikanın rəhbərliyi ilə 2011-ci ildə başlayan "ərəb baharı"nın məqsədi əslində ərəb dövlətlərinin sırasını pozmaq və onların həmrəyliyinə son qoymaq idi: "Bu məqsədlə müxtəlif yollarla İraqı, Tunisi, Liviyanı, Misiri, Yəməni və sonda isə Suriyanı dağıtdılar. Koalisiyanin Orta Şərqdə şözçüsü isə İsraildi. Öz azadlığı uğrunda döyüşən bütün ərəb qruplaşmalarını isə "terrorçu" adlandırırlar. İsrailə qarşı bir kəlmə söz deyən liderləri məhv edirlər. Məsələn, Misirdə "Müsəlman qardaşları" birliyinin lideri, ölkənin beş min illik tarixində ilk demokratik prezident olan Məhəmməd Nursini ona görə devirdilər ki, o, bir dəfə məscidə gedəndə "Misiri götürdük, İnşəAllah, İsraili də götürərik" demişdi və bu ifadənin bəlasına düşüb devrildi.
Səddam Hüseyini "kütləvi qırğın silahlarına malik olduğuna" görə devirdilr və asdılar. Amma sonra etiraf etdilər ki, İraqda kütləvi qırğın silahlarına bənzər nəsə tapılmadı. Yəni Qərb və Amerika son onillikdə Yaxın Şərqi viran qoydu. Sonda isə Suriyanı dağıtdılar. Əslində Suriya ərəb dövlətləri arasında ən yaxşılardan biri idi, əlbəttə, 2011-ci ilə qədər.
İsrail dövləti yaradıldığı ilk gündən onun məqsədi aydındır - Fərat çayından Nil çayına qədər ərazisi olan İsrail dövləti qurmaq! Bu işdə İsrailə kimlərin yardımçı olduğu hamıya bəllidir. Suriyada da İsrail eyni məqsəd ücün irəliləyir. İsrail artiq Suriyanın bütün hərbi qüdrətini məhv edib - donanmasını batırıb, havadan müdafiə sistemini dağıdıb, silah anbarlarını partladib. Yəni bu gün Suriya dövləti öz taleyi barədə söz sahibi deyil. Ona görə də Suriyanın gələcək taleyi barədə qərarı onun ərazisində maraqları olan güclü dövlətlər verəcək. Bu şəraiti isə İsrail yaratdı. Sorusan yoxdur ki, Bəşər Əsəd devrilib, bu aydındır, bəs İsrail ölkənin hərbi qüdrətini nə üçün çökdürür?
Bəli, İsrail Qolan (Culan) təpələrini işğalda saxlayacaq və gələcəkdə imkan olduqca bu ərazini genişləndirəcək. İsrailin mövqeyi budur ki, ərəblər ya Yaxın Sərqi tərk etməlidir, ya da onun rejiminə tabe olaraq yaşamalıdır. Məsələn, İsraildə iki milyondan çox ərəb yaşayır.
Suriyanın müvəqqəti hökumətinin rəhbəri Əbu Məhəmməd əl-Cuvlaninin adındakı son söz məhz ərəb dilində Qolan təpələrini ifadə edir. Məhəmməd əl-Bəşir Qoland təpəliyini öz vətəni saydığına görə özünə "əl-Cuvlani", yəni "Qolanlı" ləqəbini götürüb.
Nəticə olaraq qeyd edək ki, İsrailin indiki hərəkətləri Suriya dövlətinin çökdürülməsinə və parçalanmasına hesablanıb. Sırada İrandır. Artiq Tramp elan edir ki, İranı vuracam".
Əli Orucov: "Faktiki olaraq, İsrailin bu hərəkəti regionda, o cümlədən Suriyada sülhün əldə olunmasına maneələr yaradır"
Politoloq Əli Orucov isə bildirdi ki, Suriyadakı mövcud istiqrarsızlıqdan və böhrandan hər bir regional və qlobal oyunçu öz maraqları üçün faydalanmağa çalışır: "Bu amil isə təkcə Suriyada deyil, ümumi regionda gərginliyi daha da artırmaqla yanaşı, yeni münaqişə ocaqları yaratma ehtimalını artırır. Xüsusən də İsrailin Colan təpələrindəki bufer zonanın işğalı və orda qanunsuz məskunlaşmanın artırması barədə verdiyi qərar müharibənin arealının böyüməsinə gətirib çıxara bilər. İsrail təkcə bununla kifayətlənməyərək Suriyanın içərilərinə doğru irəliləməkdə, ölkəyə intensiv hava zərbələri endirməkdədir. İsrailin öz təhlükəsizliyindən narahatlığı anlaşılandır, lakin onun iki dövlət arasında və BMT-nın qarantorluğu ilə əldə olunan razılaşmanı pozması nəticə etibarı ilə böyük təhlükələrə yol açır. Artıq Türkiyə buna qarşı ciddi etirazını bildirib. Suriyanın müvəqqəti höküməti də xəbərdarlıq edib. Fikrimcə, İsrail hər iki mövqeyi nəzərə alıb, geri addım atmalıdır. Heç kəsə sirr deyil ki, bu gün Suriyanın yenidən qurulmasında və təhlükəsizliyinin qorunmasında Ankara ciddi fəaliyyət göstərir və əsas söz sahibidir. Belə olan halda İsrailin Suriyada yeni əraziləri işğal etməsi uzun zamanlar müttəfiq olan və geniş əlaqələrə malik Türkiyə və İsrail timsalında iki güclü dövləti toqquşdura bilər. Nəzərə almaq lazımdır ki, İsrailin Suriyanın içərilərinə soxulması Ankaranın təhlükəsizliyinə də problemlər yaradır və Türkiyə də İran deyil.
Faktiki olaraq, İsrailin bu hərəkəti regionda, o cümlədən Suriyada sülhün əldə olunmasına maneələr yaradır. Bir halda ki, Suriyanın müvəqqəti hökuməti İsraillə də hər hansı bir problem olmayacağına işarə edən bəyanatlar verir, İsrail də buna olumlu qarşılıq verməlidir. Əks təqdirdə İsrailin apardığı müharibənin coğrafiyası genişlənir və bu nəzarətdən çıxa bilər".
Dəniz NƏSİRLİ