Baltikyanı ölkələrin Rusiya qorxusu - Estoniya rusların mümkün hücumuna qarşı hazırlıqlara başladı...
Rusiyanın Ukraynaya hücumları Avropada yeni münaqişə risqi ilə bağlı narahatlıqları artırıb. İddia olunur ki, Rusiya ordusu Ukraynada dayanmaya bilər və ona yaxın ölkələrə hücumlar təşkil edə bilər.
Təhlükədə olduğu iddia edilən ölkələrdən biri olan Estoniyada könüllü hərbi təşkilat olan Estoniya Müdafiə Birliyi mümkün “Rusiya işğalı”na qarşı hazırlıqlara başlayıb.
Ötən əsrdə həm almanlar, həm də sovetlər tərəfindən işğal olunmuş Estoniyanın Saaremaa adasında Estoniya Müdafiə Liqasının (EDL) illik hərbi təlimlərində iştirak etmək üçün ilk dəfə olaraq Fransadan olan hərbi qoşunlar yerləşdirilib.
“Politico” jurnalının məlumatına görə, hərbi təlim Rusiya prezidenti Vladimir Putinin Ukraynadan sonra hərbi hədəflərini Baltikyanı ölkələrə genişləndirəcəyi ehtimalına qarşı keçirilir.
EDL komandirlərindən Kristjan Kaup deyib: "Rusiya öz gücünü artırmaq istəyir. Məncə, növbəti işğal da baş verəcək. Biz "ola bilər" yox, "nə vaxt olacaq" deyə düşünürük".
Qeyd olunub ki, Rusiyanın Avropa İttifaqına daxil olan qonşuları Ukraynadakı münaqişələri diqqətlə izləyir və “ən pisinə” hazırlaşırlar.
Bildirilib ki, NATO müttəfiqləri hərbi alyansın şərq qanadını gücləndirib və Fransa 2017-ci ildən Estoniyaya qoşun yeridib. Rusiyanın Ukraynaya hücumlarından sonra isə Fransa prezidenti Makron Estoniyadakı əsgərlərin sayını 300-ə çatdırıb.
Sözügedən əsgərlərin ABŞ və İngiltərə hərbçiləri ilə birgə hərəkət etdiyi qeyd edilib. Fransa bu yaxınlarda Estoniyadakı qoşunları üçün əlavə hərbi texnika göndərib.
TAHİR