Azərbaycan-Ermənistan münasibətləri tarixində ilk - "hamı hamı ilə dəyişdirildi"...
Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.
Azərbaycan tərəfinə təhvil verilən hərbçilər Hüseyn Axundovla Aqşin Bəbirovdur. Əsirlər Qazax rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində geri qaytarılıb.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Təhvilvermə prosesində hər hansı insident baş verməyib.
Əsirlikdən azad edilən Hüseyn Axundov jurnalistlərə səhhətinin yaxşı olduğunu bildirib: “Hər şey yaxşıdır. Sevinirəm ki, Azərbaycana geri qayıdıram”.
Erməni əsirliyindən azad olunan Aqşin Bəbirov isə dövlətin onları uzun müddət əsir qalmağa qoymayacağını bildiyini deyib. "Bu dövlət bizi uzun müddət əsir qalmağa qoymazdı. Biz vətən üçün yaşayanlardanıq. Vətən üçün can da verərik, can da alarıq", - A.Bəbirov vurğulayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova KIV-ə bildirib ki, mandatına uyğun olaraq komitə azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib. Onun sözlərinə görə, BQXK, həmçinin, bu şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb.
"Biz, həmçinin, təhvilvermədən əvvəl bu şəxslərlə görüşüb söhbət aparmışıq. Onların hamısı geri qayıtmaq arzusunda olduqlarını bildiriblər", - o deyib.
Xatırladaq ki, məlumat verildiyi kimi, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Onu da qeyd edək ki, bu gün azad edilən iki hərbçimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.
Tahir TAĞIYEV