Bakı Avroittifaqın İrəvandakı missiyasının ləğvini tələb edəcək?..
Qulamhüseyn Əlibəyli: “Bunların məqsədi Ermənistanı hərbi cəhətdən gücləndirmək imiş”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası öz ilkin missiyasını nəzərdə tutmuş formada icra etməyib:
“Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur. Ermənistanı, o cümlədən Avropa İttifaqı vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Avropa İttifaqının “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”.
Aİ-nin Ermənistandakı monitorinq missiyasına Azərbaycanın bu münasibəti həmin missiyanın gələcəyi üçün nə vəd edir?
“Mülki missiya adı ilə ora gələn hərbçilər gec-tez oradan çıxmalıdır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, xarici işlər naziri Ceyhun Bayramov tərəfindən məsələnin belə qoyulması tamamilə doğrudur: “Hər şeydən əvvəl, Avropa İttifaqı ilkin dövrlərdə Ermənistan-Azərbaycan məsələsində bir qədər tərəfsiz mövqe sərgiləməyə başladı. Bununla əslində tərəfləri barışdırmaq, sülh sazişinin imzalanması üçün moderatorluq etmək niyyətində olduğunu gizlətmirdi. Azərbaycan da buna etiraz etmədi və hesab etdi ki, vasitəçi olaraq Avroittifaqın xidmətindən yararlanmaq olar. Ancaq çox təəssüf ki, Avroittifaq sonradan Fransanın təzyiqi ilə başqa bir mövqe tutdu. Necə deyərlər, araqarışdırıcı mövqe tutmağa başladılar. Ermənistan sərhədinə mülki missiya adı ilə xüsusi dəstələr göndərməyə başladılar. Həmin missiyanın pozucu mövqe tutacağı və Azərbaycan əleyhinə bir vasitə kimi istifadə olunacağı bəlli idi. Zaman göstərdi ki, həqiqətən bu belə imiş. Bunların məqsədi Ermənistanı hərbi cəhətdən gücləndirmək imiş. Belə olan halda aydın məsələdir ki, Aİ-yə əvvəlki inam və etimad olmayacaq. Çünki Qərb çalışır ki, Ermənistan vasitəsi ilə regiona daxil olsunlar. O cümlədən, mülki missiya adıyla göndərilən hərbçilər də həmin o iştirakın bir formasıdır. Ona görə də bu, araqarışdırıcı bir prosesdir. Borrelin son bəyanatı da onu göstərir ki, onlar Ermənistanı gücləndirmək hayındadılar. Yəni Azərbaycana qarşı gücləndirmək məqsədi güdürlər. O üzdən, Azərbaycan dövlətinin ortaya qoyduğu qətiyyətli mövqeyi normal hesab edirəm. Hər şeyi açıq demək lazımdır. Onlar bilməlidilər ki, Azərbaycanla güc dilində danışmaq mümkün olmayacaq. Mülki missiya adı ilə ora gələn hərbçilər gec-tez oradan çıxmalıdılar”.
Vidadi ORDAHALLI