Rayon məktəbi üzə durub - təzə direktoru istəmirlər...
Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbində bu günlərdə insident yaşanıb. Məktəbin pedaqoji kollektivi təhsil müəssisəsinə yeni direktor təyinatı xəbərinə kütləvi halda etiraz edib.
Yeni direktorun təyinatını narazılıqla qarşılayıblar. Hətta məktəbin pedaqoji heyəti bu təyinat həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəklərini bildirir. Müəllimlər qeyd edir ki, vəziyyətlə bağlı aidiyyəti qurumlara öz etirazlarını çatdırıblar.
Şikayətçilər qeyd edir ki, məktəbə Quba rayonunun Alekseyevka kənd orta məktəbinin ibtidai sinif müəllimi Sevil Allahverdiyeva adlı şəxsin direktor təyin edilməsi üçün müvafiq razılaşmalar əldə edilib.
1 saylı tam orta məktəb: “Məlum hadisə baş verib, ancaq…”
Məsələ ilə bağlı 1 saylı tam orta məktəbin direktor əvəzi qeyd etdi ki, məlum hadisə baş verib. Ancaq bu haqda heç bir məlumat verə bilməyəcək.
Nizami Hüseynov: “Məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var və bunlar aradan qaldırılmadıqca bu kimi halların baş verməsi qaçılmaz olacaq”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var və bunlar aradan qaldırılmadıqca bu kimi halların baş verməsi qaçılmaz olacaq: "Məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz. Məktəbin rəhbəri təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır".
Əli TURABOV