Yeni Ramanaya bircə avtobus marşrutu işləyir - o da axşam 8-dək...
Yeni Ramana qəsəbəsində avtobus problemi yaşanır. Sakinlər bildirir ki, sözügedən əraziyə yalnız 214 nömrəli avtobus işləyir.
Həmin avtobus isə axşam səkkizə kimi fəaliyyət göstərir: “Axşam səkkizdən sonra məcbur qalıb evə taksi ilə gedirik. Uşaqlar yağışlı havada çox çətinliklə gedib-gəlirlər. Marşrutun hərəkət xətləri uzadılmalıdır, həmçinin qəsəbə yeni avtobuslarla təmin olunmalıdır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: “Araşdırma nəticəsində marşrutun təyin olunmuş iş saatından tez dayandırılması halları müəyyən edilib”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aparılan araşdırma nəticəsində marşrutun təyin olunmuş iş saatından tez dayandırılması halları müəyyən edilib: “Bununla bağlı daşıyıcıya xəbərdarlıq olunub. Marşrut üzrə avtobus sayının sərnişin tələbatına uyğun istismar olunmayacağı və xəttin nizamlı təmin edilməyəcəyi təqdirdə marşrutun müsabiqəyə çıxarılması nəzərdə tutulub”.
Elxan Əliyev: “Daşıma şərtlərini pozmaq, vaxtında xəttə çıxmamaq, müəyyən olunmuş qrafikdən kənara çıxmaqla müqavilə şərtləri pozulmuş hesab edilir”
Sosial sahə ekspert Elxan Əliyev bildirdi ki, hər bir daşıyıcı şirkətə marşrut verilərkən müqavilə bağlanır. Müqavilə şərtlərindən biri də marşrutun hərəkət şərtləri və qrafikinə əməl olunmasıdır: “Bu işə də nəzarət olunmalıdır. Bu vaxta qədər nəzarətin hansı səviyyədə olması hər kəsə bəllidir. Qanunvericiliyin tələblərinə görə, müqavilə şərtlərini pozan şirkət sahibləri ilə əməkdaşlığa xitam verilməlidir. Daşıma şərtlərini pozmaq, vaxtında xəttə çıxmamaq, müəyyən olunmuş qrafikdən kənara çıxmaqla müqavilə şərtləri pozulmuş hesab edilir. Bu pozuntu olanda müqaviləyə xitam verilməli və həmin marşrut xətti başqa bir daşıyıcı şirkətə həvalə edilməlidir. Nəzərə alsaq ki, bu hallar tez-tez təkrarlanır, sərnişinlər küçədə qalırlar, o zaman qanunvericiliyin tələbinə əməl olunması mütləqdir”.
Əli TURABOV