Hər il dəyişdirilən şagird test topluları kimlərinsə əməlli-başlı biznesinə çevrilib...
Abituriyentlər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə test toplularının 2-ci hissəsi də nəşr olunub. Demək olar, hər il bu cür test topluları nəşr edilir və abituriyentlərin istifadəsi üçün satışa çıxarılır. Hər il yeni test toplusu almaq isə bəzi valideynlər üçün maddi çətinlik yaradır.
Maraqlıdır, ilbəil dəyişən bu topluları abituriyentlər mütləq almalıdırlarmı?
Adil Vəliyev: “Son illərdə baş verən dəyişikliklərlə əlaqəli olaraq test topluları yenilənməlidir”
Təhsil eksperti Adil Vəliyev bildirdi ki, son illərdə baş verən dəyişikliklərlə əlaqəli olaraq test topluları yenilənməlidir: “Məlumdur ki, həm II və III qruplar arasında bəzi ixtisaslarda dəyişiklik oldu, həm fənlərdə, həm də keçən il I qrupda mühəndislik ixtisasında müəyyən dəyişiklik oldu. Buna görə də, sözsüz ki, test toplularında da müəyyən dəyişikliklər olmalıdır. Yeni qaydalara əsasən müəyyən məsələlər, misallar test toplularında nəşr olunur. Abituriyentlər mütləq şəkildə araşdırılmalıdır ki, hansı test toplusundan istifadə etsələr, imtahan zamanı daha çox faydası toxuna bilər”.
Ekspert hesab edir ki, bir çox nəşriyyat evi daha çox pul qazanmaq məqsədilə tez-tez müxtəlif test topluları nəşr etdirir: “Bunlara aldanmamaq lazımdır. Əsasən, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi, eyni zamanda illərdir bu sahədə öz sözünü demiş kursların. nəşriyyatların çap etdiyi test toplularından istifadə etmək lazımdır”.
Elşən Qafarov: “Bu gün bazarlarda təklif olunan istər ayrı-ayrı kursların, yaxud repetitorların və yaxud DİM-in hazırladığı vəsaitlər sərbəst şəkildə hazırlanıb satılır”
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, bu gün bazarlarda təklif olunan istər ayrı-ayrı kursların, yaxud repetitorların və yaxud DİM-in hazırladığı vəsaitlər sərbəst şəkildə hazırlanıb satılır. DİM publik hüquqi şəxsdir və qanunvericiliyə zidd olmasa da, bu vəsaitlərin, sualların hazırlanmasından nəticə etibarilə böyük pullar əldə edir: “Valideynlər övladlarının imtahanlarda daha yaxşı nəticə göstərmələri üçün onları repetitor yanına qoymağa məcburdur. Bu da sonda dövlətin milyardlarla pul xərclədiyi ümumtəhsil məktəblərinə inamını və etibarını azaldır. Çünki imtahanı keçirən də, vəsaitləri hazırlayan da DİM-dir. Məqsəd isə milyardlarla pul qazanmaqdır. Ayrıca Testologiya Mərkəzi və ya institutu yaranmalıdır. DİM isə sadəcə imtahanı keçirən texniki quruma çevrilməlidir. Belə olarsa, abituriyentlər kütləvi şəkildə repetitor yanına və kurslara axın etməyəcək. Daha çox fikir ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəldiləcək”.
Günel CIƏLİLOVA