BQXK-dən azad olunan hərbçilərlə bağlı açıqlama...
Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu gün azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib.
Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, BQXK həmçinin, bu şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb.
"Biz həmçinin təhvilvermədən əvvəl bu şəxslərlə görüşüb və söhbət aparıb. Onların hamısı geri qayıtmaq arzusunda olduqlarını bildiriblər", - o deyib.
Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.
Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib.
Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.