Qəzzanın gələcəyi ABŞ-la İsrail arasında mübahisəyə səbəb oldu - Bayden Netanyahunun qəbul etmədiyi həqiqəti açıqladı...
ABŞ prezidenti Co Bayden və Benyamin Netanyahu arasında soyuq küləklər əsir. Qəzzada dinc sakinlərə hücumlarını davam etdirən İsrail ABŞ-dan da silah-sursat dəstəyi alır. Son zamanlar mülki hücumların artmasının ardından ABŞ-dan İsrailə xəbərdarlıq mesajları diqqət çəkir.
Bayden İsrailin Qəzza ilə bağlı dünyada dəstəyini itirməyə başladığını bildirib.
Netanyahu hökumətini “İsrail tarixinin ən mühafizəkar hökuməti” kimi xarakterizə edən Bayden, bu administrasiyanın İsrail-Fələstin probleminin həlli üçün iki dövlətli həll yolunu dəstəkləmədiyini bildirib. Bayden, həmçinin İsrail-Fələstin probleminin uzunmüddətli həlli üçün Netanyahunun hökumətini dəyişməli və gücləndirməli olduğunu vurğulayıb: "Netanyahu yaxşı dostdur, lakin onun dəyişməsi lazımdır, hökumətini dəyişdirməsi lazımdır. Təsadüfi bombardmanlar səbəbindən dəstəyi itirməyə başlayırlar. Netanyahu gələcəkdə Fələstin dövlətinə "yox" deyə bilməz".
Netanyahu isə, İsrail Müdafiə Ordusunun HƏMAS qruplaşmasına qarşı əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının gələcəyi ilə bağlı İsrail və ABŞ arasında fikir ayrılıqları olduğunu etiraf edib.
Baydenlə görüşünün təfərrüatlarını açıqlayan Netanyahu ABŞ-ın ziddinə olaraq Qəzzanın daimi işğalı fikrində olduğunu bildirib.
1993 və 1995-ci illərdə Fələstin və İsrail arasında imzalanan Oslo razılaşmasına toxunan Netanyahu İsrailin Oslo səhvini təkrarlamasına icazə verməyəcəyini bəyan edib. Osla razılaşması İsrailin razılaşma çərçivəsində Qəzzanın işğalına son qoymasına səbəb olmuşdu.
Qəzzada işğal əməliyyatları başa çatdıqdan sonra bölgənin hansı statusa sahib olacağı məsələsinə toxunan Netanyahu bu mövzuda ABŞ rəhbərliyi ilə fikir ayrılıqlarının olduğunu bildirib.
Prezident Bayden və komandası ilə gərgin dialoqdan sonra Qəzzada quru əməliyyatına “tam dəstək” aldıqlarını deyən Netanyahu “müharibənin dayandırılması üçün beynəlxalq təzyiqlərin” qarşısının alındığını bildirib.
ABŞ-a “HƏMAS-ı məhv etmək və israilli girovları geri qaytarmaq” mövzusunda verdiyi dəstəyə görə təşəkkür edən Netanyahu deyib ki, “Qəzza nə Həmasistan, nə də Fəthistan olacaq”.
Tahir TAĞIYEV