Rusiya kəşfiyyatından şok iddia - Qərb Zelenskini hakimiyyətdən uzaqlaşdırır, yerinə 3 namizəd var...
Rusiya kəşfiyyatının rəhbəri Yaxın Şərqdəki müharibədən sonra dünya gündəmində arxa plana keçən Ukraynadakı münaqişə ilə bağlı diqqətçəkən bir iddia ortaya atıb.
Belə ki, Qərb ölkələrinin Ukrayna prezidenti Vladimir Zelenskidən narazı olduğunu iddia edən Sergey Narışkin bildirib ki, Qərb Zelenskinin yerinə Ukraynada başqa bir adamı iqtidara gətirmək istəyir.
Qərbin Zelenskinin Rusiya ilə müharibədə öz gücünü göstərməkdə həddi aşdığına inandığını qeyd edən rusiyalı rəsmi bəyan edib ki, Rusiya ilə sülh razılaşmasına gedilməsinə razılıq veriləcəyi halda Zelenski danışıqlarda “faydalı” ola bilməyəcək. O, bildirib ki, ABŞ Ukraynadakı müharibənin gedişindən razı deyil və Rusiya ilə razılaşmaya müsbət yanaşa bilər.
Rusiya kəşfiyyatının məlumatına görə, ötən ay Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin toplantısında Zelenskini əvəz edə biləcək şəxslər də müzakirə edilib. Bunlar arasında Baş Qərargah rəisi Valeri Zalujnı, hərbi kəşfiyyatçı Kirill Budanov və Kiyev meri Vitali Kliçkonun adı çəkilir.
Ukraynanın bir neçə ay ərzində rus qoşunlarına qarşı əks-hücum əməliyyatında uğursuz çıxışı da Qərbin narahatlığına səbəb olub. Ukrayna mətbuatının yazdığına görə, ölkə daxilində Zelenskiyə qarşı tənqidlər artıb, sorğular Baş Qərargah rəisi Zalujninin mümkün seçkidə Zelenskiyə qalib gələcəyini göstərir.
Tahir TAĞIYEV