Gerasimov Azərbaycan-Ermənistan normallaşmasına dair yanlış təsəvvürdədir...
Azər Həsrət: “Rusiya rəsmisinin belə bir iddia ilə çıxış etməsi düzgün deyil, iki ölkə arasında yaranan münasibətə görə biz Rusiyaya minnətdar deyilik”
Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov xarici hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya regionda konstruktiv tədbirlər görür: "Əsasən dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləməsi göz qabağındadır".
Valeri Qerasimov xüsusi olaraq deyib ki, Bakı və İrəvanın ikitərəfli münasibətləri normallaşıb. Maraqlıdır, Bakı və İrəvanın ikitərəfli münasibətlərinin normallaşması deyəndə o nəyi nəzərdə tutub? Ümumiyyətlə, normallaşma varmı?
“Münasibətlərin normallaşmasında Rusiyanın rolu şişirdilir, çünki Azərbaycanla Ermənistan Rusiya olmadan daha rahat anlaşa bilir”
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Valeri Qerasimovun dediyində həqiqət payı yox deyil: "Həqiqətən də Ermənistanla Azərbaycan arasında münasibətlər xeyli istiləşib. Üçüncü tərəflərin iştirakı olmadan birbaşa danışıqlar aparılır, razılığa gəlinir, hətta həlli müşkül ola bilən məsələləri belə həll edə bilirlər. Xüsusi olaraq deyim ki, 2023-cu ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Rusiya sülhməramlılarının bölgədən çəkilməsinin ardından Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurma yaşanmır. Xatırladım ki, sülhməramlılar Qarabağda olduğu müddətdə həm Qarabağ, həm də Ermənistanla Azərbaycan sərhədində silahlı qarşıdurma yaşanırdı, təəssüf ki, bizim tərəfdən şəhid belə olub. Belə hallar baş verirdi. Ancaq xeyli müddətdir ki, bu kimi hallar yaşanmır. Bunun özü çox yaxşı göstəricidir, o baxımdan Qerasimovla razılaşa bilirik. Ancaq bu münasibətlərin normallaşmasında Rusiyanın rolu şişirdilir. Çünki Azərbaycanla Ermənistan Rusiya olmadan daha rahat anlaşa bilir. Biz Rusiyanı konstruktiv deyil, daha çox destruktiv görmüşük. Rusiya hər zaman bu iki xalqı qarşı-qarşıya gətirib, tarix boyu bu belə olub. Rusiya rəsmisinin belə bir iddia ilə çıxış etməsi düzgün deyil. İki ölkə arasında yaranan münasibətə görə biz Rusiyaya minnətdar deyilik, ola da bilmərik. Çünki Rusiya bu işdə iştirakçı deyil, Azərbaycanla Ermənistan öz aralarında dil tapır”.
Günel CƏLİLOVA