Azərbaycan mediasının xaricdən maliyyələşməsinə dair ilginc mülahizə - “əlaltı resurslar”...

Xəyal Bəşirov: “Bizim öz maliyyə resurslarımız imkan verir ki, ölkə mediası maliyyələşsin və kənar dövlətlərin, kənar institutların, kənar fondların maliyyəsinə ehtiyac yoxdur”
Azərbaycanı hədəfə alan məkrli xarici qüvvələr, bəlli ölkələr və mərkəzlər mediamızdan ölkəmizə qarşı istifadə edə bilmədilər, bizim media dövlətimizin maraqlarını müdafiə etdi. Bir sözlə, mediamız başqa dövlətlərin “əlaltsına” çevrilmədi.
Bunun səbəblərinə Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində maraqlı izah verib: “...Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar...”
“ABŞ və Qərb əlaltısı olan mediaların ölkəmizin daxilinə nüfuz etməsinə heç zaman imkan verməyəcəyik”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq xarici və yerli mediaya müsahibələr verir, regionda baş verənlərə, o cümlədən də Azərbaycanın Ermənistanla sülh prosesini davam etdirməsi və digər mühüm məsələlərə aydınlıq gətirir. “Təbii ki, bu gün regionda baş verən proseslərdə ən önəmlisi məhz Gürcüstanda baş verən proseslərdir. Gürcüstanda baş verən proseslər Azərbaycanı qonşu dövlət kimi, Cənubi Qafqazın aparıcı ölkəsi olaraq ciddi narahat edir. Bundan həm dövlətimiz, həm xalqımız narahat olur. Ölkə başçısı Rusiyanın Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova baş verən proseslərlə, o cümlədən də Qərbin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı, əsas o konturlarla əlaqədar müsahibə verdi, onun suallarını cavablandırdı. Orada Qərbin media sahəsində həyata keçirdiyi çirkin kampaniyalara toxundu. Fikrimcə, hər bir ölkənin müstəqilliyi üçün əsas atributları var. Təbii, söhbət ənənəvi atributlardan getmir. Bayraq, gerb, konstitutsiya və sair ənənəvi dövlətçilik atributlarıdır.
Amma bu gün dünyada ayrı-ayrı dövlətlərin, xüsusən də kiçik ölkələrin işlərinə qarışmaq üçün “münbit” imkanlar hansı istiqamətlərdə yaranır? Burada bir sıra istiqamətlər var - QHT-lər, siyasi partiyalar, siyasi fiqurlar, o cümlədən də media sahəsi. Ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq üçün ən “münbit yol” məhz media sahəsidir. Çünki media həmişə ictimaiyyətin diqqətində olur, ictimaiyyətin nəzərlərini cəlb edən bir sahədir. Cəmiyyətdə fikir formalaşdırmaq üçün ən münbit şərait məhz media platformalarıdır. Ona görə biz Qərb institutlarının, Qərbdə olan bəzi dövlətlərin ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə etdiyi platformalardan biri kimi həmişə daha çox medianı görmüşük. Ölkə başçısı haqlı olaraq bir məqama toxundu ki, əgər Qərb ölkələri özlərinin medialarına kənar maliyyəni buraxmırlarsa biz niyə buna imkan verməliyik? Ümumiyyətlə, onlar nəinki kənar maliyyələşməni buraxmırlar, hətta buna şərait də yaratmırlar. Çünki elə bir proses formalaşıb ki, ümumiyyətlə hər hansı bir dövlət istəsə belə Qərb ölkələrinin, məsələn, ABŞ-ın, Avropadan olan bir sıra dövlətlərin mediasına yatırım edə bilməz. Bunu bəziləri onunla əlaqələndirir ki, o dövlətlərin özünün maliyyə resursları, imkanları var. Əslində o dövlətlərin maliyyə resurslarının, imkanlarının olması heç də media sahəsində çalışanların maliyyə resurslarının olması deyil. Media müstəqil bir sahədir və media ayrıca bir hakimiyyətdir. Simvolik olaraq biz onu dördüncü hakimiyyət hesab edirik. Təbii ki, kənar dövlətlərin mediasına yatırımların edilməsi qarşılıqsız olmur. Azərbaycan Prezidenti orda bir məqamı xüsusi vurğuladı ki, Qərbdən olan bəzi fondlar bizə yardım etməyi təklif edir, amma biz istəmirik, onlar yenə də təkid edirlər. Tutaq ki, Prezident müsahibəsində USAİD-in adını çəkdi ki, yardım etmək istəyir, amma nədənsə, bizə lazım olan məsələdə deyil. Bilirsiz bu nəyə bənzəyir? Biz dəfələrlə UNESCO-ya çağırışlar edirdik ki, gəlib bizim vaxtilə işğal altında olan ərazilərimizdə Ermənistanın həyata keçirdiyi kultsidi, tarix-mədəniyyət, dini abidələrimizə qarşı törətdiyi cinayətləri görsün, qeydə alsın, bir sözlə, azad ərazilərə missiya göndərsin. Vətən müharibəsinin başa çatmasından dörd ildən artıq vaxt keçməsinə baxamayaraq, hələ də UNESCO Qarabağa missiya göndərməyib. Halbuki, bu onun fəaliyyət sahəsinə aiddir. Amma o bundan imtina edir. Yəni bizə lazım olanda kömək etmək istəmirlər, amma özlərinə lazım olanda, öz maraqlarına uyğun məsələlərdə dərhal səfərbər olunurlar. Fikrimcə, ona görə də ölkə başçısı haqlı olaraq vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycan dövlətinin kifayət qədər imkanları, resursları var və həmin o resurslar vasitəsilə medianı maliyyələşdirə bilir. Eyni zamanda media rekalmlardan pul qazanır, eləcə də digər istiqamətlərdən medianı maliyyələşmək imkanları var. Bu da Azərbaycanın daxili qanunvericiliyə, “Media Haqqaında” Qanuna, eyni zamanda da beynəlxalq hüquqa uyğundur. Bizim öz maliyyə resurslarımız imkan verir ki, ölkə mediası maliyyələşsin və kənar dövlətlərin, kənar institutların, kənar fondların maliyyəsinə ehtiyac yoxdur. Mediaya, QHT-lərə, onlara ölkələrin daxilinə nüfuz etmək imkanı verən digər platformalara yatırdıqları yatırımların nəticələrini xüsusilə də əvvəlki təcrübələrində görmüşük. Bunun sonunun nə ilə bitdiyini bilirik”.
X.Bəşirovun sözlərinə görə, Yaxın Şərqdə, Ukraynada, Gürcüstanda, digər regionlarda zamanında baş verən proseslərdən görmüşük ki, əslində o yatırımların edilməsinin arxasında hansı məqamlar durur. X.Bəşirov bildirdi ki, bu səbəbdən, ölkə başçısı bir daha Azərbaycan dövlətinin mövqeyini ortaya qoydu. “Bilirik ki, bunların heç biri qarşılıqsız edilmir və onların böyük maraqları var. Bu resursların Azərbaycan mediasına hədəflənməsi qanunsuzdur, əsassızdır, bu reallaşa bilməz. Gürcüstanda qeyri-hökumət təşkilatları ilə bağlı məlum xarici agentlər haqqında qanunun qəbul edilməsindən sonra Gürcüstanın atdığı addımlara qarşı səfərbər olanları gördük, onlardan biri də ABŞ-dır. O ABŞ ki, 1936-cı ildə ilk dəfə o qanunu qəbul edib. Niyə qəbul etmişdilər? O dövrdə Sovet İttifaqı ayrı-ayrı dövlətlərin daxilində kommunizm cərəyanını gücləndirirdi. ABŞ da bunun qarşısını almaq üçün o qanunu qəbul etmişdi. Bu o demək idi ki, ABŞ-ın onun daxilində qeyri-hökumət təşkilatlarına, media qurumlarına kənardan ediləcək maliyyə dəstəyinin qarşısı alınsın. Yəni o dövrdə ABŞ indiki kimi güclü deyildi və yenə də xaricdən dəstəyin qarışısını alırdı. Gürcüstanın qəbul etdiyi qanun hətta ABŞ-ın o qanunundan daha yumşaqdır. Halbuki, ABŞ-ın qəbul etdiyi o qanun daha sərt, daha mürtəce idi, daha ciddi məhdudiyyətlər ortaya qoyurdu. Gürcüstanda qəbul olunan qanunda isə göstərilir ki, QHT-lərin və medianın gəlirlərinin 20 faizdən artığını xarici maliyyə mənbələri təşkil edirsə, onlar xarici agentlər kimi qeydiyyat keçməlidirlər. Bu qanunun qəbul edilməsinə qarşı Qərb hələ də alov püskürür, hələ də bu proseslərdən əl çəkmək, bunu Gürcüstan dövlətinə, gürcü xalqına bağışlamaq istəmir. Bu təpkini görürük və onun nə qədər təhlükəli məsələ olduğunu anlayırıq. Ona görə də bizim bu mövqeni tutmağa haqqımız var. Prezident İlham Əliyev bildirdi ki, onların “Amerikanın səsi”, “Azadlıq radiosu” kimi əlaltı resursları var və təbii ki, o resurslar vasitəsilə dövlətlərin daxili işlərinə nüfuz edirlər. Üstünə əlavə olaraq istəyirlər ki, bizim ölkəmizin daxilində media qurumlarına maliyyə yatırsınlar və ondan gələcəkdə dövlətimizə, dövlətimizin daxilindəki bu sabitliyə, təhlükəsizliyə qarşı istifadə etsinlər. Təbii ki, ABŞ və Qərb əlaltısı olan mediaların ölkəmizin daxilinə nüfuz etməsinə heç zaman imkan verməyəcəyik” - deyə X.Bəşirov əlavə etdi.
İradə SARIYEVA