Masallının Göyəçöl kənd məktəbində maarifləndirici tədbir keçirildi - FOTO
Ölkəmizdə “ağ ölüm” kimi tarixə düşən narkomaniyaya qarşı mübarizə dövlətin daim ciddi nəzarətindədir. Buna baxmayaraq, yenə də bu bəlaya öz həyatlarını qurban edənlər var. Məhz buna görə də narkomaniya ilə mübarızə yeni istiqamətlərin və metodların tətbiqini zəruri edir. Eyni zamanda daim yeniləşən həyatımızda müasir yanaşmalar olduqca vacibdir.
Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun birgə təşkilatçılığı ilə Masallı rayon N.Həsənov adına Göyəçöl kənd orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Masallı Rayon Polis Şöbəsinin rəisinin, Masallı Rayon İcra Hakimiyyətinin, Masallı rayon Polis şöbəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun əməkdaşlarının, müəllimlər, şagirdlər və valideynlərinin qatıldığı tədbirdə çıxışlar zamanı əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib. O da bildirilib ki, gələcəyini düşünməklə hamı “ağ ölüm”ün kökünü kəsməkdən ötrü öz dəstəyini göstərməlidir. Narkomaniyanın vurduğu sağalmaz yaralar ömür boyu unudulmur...
Sonda məktəblilərin sualları cavablandırılıb və müzakirə olunan məsələlərlə bağlı video-çarxlar tədbir iştirakçılarına nümayiş etdirilib. Rayonda fəaliyyət göstərən təhsil ocaqlarında vaxtaşırı belə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü