Ermənistan prezidenti Spitak zəlzələsində həlak olmuş azərbaycanlıları yada salmadı...
Azər Həsrət: “Ermənilərə nə yaxşılıq edilsə belə, onlar görməzdən gələcək…”
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Spitak zəlzələsinin 35-ci ildönümü münasibətilə müraciət edib. Müraciətdə zəlzələnin müstəqillik yolunda ilk addımlarını atan Ermənistan üçün ciddi sınaq olduğu deyilir.
Qeyd edək ki, episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olub, 170 min nəfər isə xəsarət alıb. Məlumat üçün bildirək ki, zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatdı. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi.
Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu.
Ancaq Ermənistan prezidenti Spitak zəlzələsi ilə bağlı xalqa müraciətində Azərbaycanın dəstəyi ilə bağlı hər hansı bir fikir bildirməyib.
Ekspertlər hesab edir ki, bu hadisənin xatırlanması iki ölkə arasında sülh prosesinə müsbət təsir edə bilərdi. Ancaq Vaaqn Xaçaturyan məlum hadisəyə toxunmayıb.
“Ermənistan Prezidenti Spitak zəlzələsini xatırladığı zaman Azərbaycanın etdiyi fədakarlıqları da yada salsaydı, iki ölkə arasında sülh prosesinin sürətləndirilməsinə töhfə verəcəkdi”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan rəhbərliyi indiki mərhələdə belə nadanlıq, nankorluq edir. Azərbaycan istənilən fürsətdən istifadə edərək Ermənistanla münasibətlərin normallaşdırılmasına çalışdığı anda bu ölkə əlində olan şansları havaya xərcləyir: “Ermənistan Prezidenti Spitak zəlzələsini xatırladığı zaman Azərbaycanın etdiyi fədakarlıqları da yada salsaydı iki ölkə arasında sülh prosesinin sürətləndirilməsinə töhfə verəcəkdi. Ancaq onun bir prezident olaraq uzaqgörənliyi və geniş qəlbliliyi yetərincə olmadığı üçün bu fürsətdən istifadə etmədi. Onların bu hərəkətinin tək adı var - naşükürlük. Xatırladım ki, 1988-ci ildə Azərbaycanla Ermənistan arasında gərginlik var idi, azərbaycanlılar ordan qovuldu. Buna baxmayaraq, Azərbaycan tərəfi zəlzələ ilə bağlı köməklik göstərdi, hətta dəstəyə gedən təyyarəmiz belə vuruldu. O zamanlar da ermənilər bizim köməyimizi, dəstəyimizi düzgün dəyərləndirə bilmədilər. Bu illər ərzində də onlar Azərbaycanın məlum köməyini düzgün qiymətləndirməyiblər. Bu səbəbdən də hesab edirəm ki, gələcəkdə Azərbaycanla qurulacaq münasibətlərdə bu kimi faktlar unudulmamalıdır. Ermənilərə nə yaxşılıq edilsə belə onlar görməzdən gələcək”.
Günel CƏLİLOVA