Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyevin Serbiya səfərindən yazır
Prezident İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər Rumıniya və Bolqarıstan KİV-lərinin diqqət mərkəzində olub. Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verib. Rumıniyanın AGERPRES milli xəbər ag
entliyi, Adevarul, Digi 24 nəşri, Bolqarıstanın BTA milli xəbər agentliyi, Cross.bg, Şum.bg, 24 chasa, news.bg, plovdiv24.bg, pronews.bg xəbər portallarının, Vesti.bg televiziya kanalının yaydığı materiallarda Prezident İlham Əliyevin mərasimi dostluq və strateji tərəfdaşlığın sübutu adlandırdığı, qaz interkonnektorunun Serbiya və Bolqarıstanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğuladığı qeyd olunub. Bildirilir ki, boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır. İnterkonnektor sayəsində Serbiyanın Azərbaycandan təbii qaz tədarükünə başlayacağı qeyd olunub. Yazılarda bildirilir ki, boru kəmərinin istifadəsi Serbiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Şərqi və Mərkəzi Avropa ölkələrinə əlavə təchizat imkanı verəcək. İnterkonnektorun istifadəyə verilməsi həm Serbiya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Bildirilir ki, Serbiya tərəfinin “Bulgartransgaz” şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.
Mətləb