Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...
Azərbaycan-Ermənistan şərti sərhədində müəmmalı fəaliyyətləri davam edən Avropa İttifaqı missiya ilə bağlı son günlərdə maraqlı proseslər cərəyan edir. Belə görünür ki, Ermənistan da bu missiyanım sülh prosesinə əngəl yaratdığını başa düşür.
Elə bu fonda Avropa İttifaqının səfiri Vasilis Maraqos bildirib ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib.
O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib: “Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”. Xatırladaq ki, 2023-cü ilin fevral ayından avropalı müşahidəçilər Ermənistana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin monitorinqi və sərhədyanı ərazilərdə sabitliyin təşviq edilməsi missiyası ilə ofislər açıblar. Ötən müddətdə onların fəaliyyəti hansısa pozitiv nəticə verməyib. Əksinə, Ermənistanın Rusiya və İranla münasibətlərini gərginləşdirib. Azərbaycan da birmənalı şəkildə missiyanın fəaliyyətini davam etdirməsinə qarşıdır. Bunlar fonunda Ermənistanın “Past” nəşri maraqlı bir məlumatla çıxış Úedib: Avropa İttifaqı həyəcan təbili çalır ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının müddətinin uzadılması məsələsinə hələ də aydınlıq gətirməyib. Uzun müddətdir Azərbaycan və Rusiya Aİ müşahidəçilərinin işindən narazılıqlarını bildirirdilər və İrəvandan cavab verirdilər ki, müşahidəçilərin sayəsində insidentlər azalıb. Bütün bu bəyanatlardan sonra rəsmi İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma... Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya üz tutmaq siyasəti yeritdiyi, Moskva ilə münasibətləri yenidən yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Strasburqda qorxurlar ki, Paşinyan hakimiyyəti yenidən Qərbi aldada, yenidən Rusiyanın qucağına uça bilər”. Mövzuya Ermənistanın “Qraparak” nəşri də toxunub: “Xarici işlər naziri və baş nazir israrla sülh müqaviləsinin razılaşdırılmayan bəndlərinin nədən ibarət olduğunu açıqlamasalar da, diplomatik mənbələrimiz bildirir ki, söhbət 2 bənddən gedir: Azərbaycan-Ermənistan sərhədində üçüncü dövlət qüvvələrinin istisna edilməsi və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialardan imtina. Birinci tələb Avropa İttifaqının müşahidəçiləri Azərbaycan-Ermənistan sərhədində missiya yerinə yetirmədiyi zaman irəli sürülüb və problem yalnız Rusiya sərhədçilərinə aid olub, Ermənistan hakimiyyəti buna etiraz etməyib, lakin Azərbaycan sonradan tələbini Aİ müşahidəçilərinə də aid edilməli olduğu şəklində yenidən formalaşdırıb. Bu arada Qərb Aİ müşahidəçilərinə qalmaq və regional hadisələri izləməyə davam etmək üçün təzyiq edir, ona görə də gələn ilin fevralında başa çatacaq razılaşmanın müddəti uzadılmalıdır. Bu bənd ətrafında razılıq yoxdur. Mənbəmizin sözlərinə görə, bizimkilər beynəlxalq məhkəmələrdə iddialardan imtina tələbi ilə də razılaşmayıblar, amma prinsipcə onlar buna qarşı deyillər. Əlbəttə, əgər bu, sinxron olsa, Azərbaycan da bizə qarşı ünvanlanmış iddialardan imtina etsə. Lakin bütün bəndlər razılaşdırılsa belə, mənbəmiz iddia edir ki, İlham Əliyev kağıza imza atmayacaq. İndi o israr edir ki, Ermənistan konstitusiyası dəyişdirilməyənə qədər heç nəyə imza atmayacaq”.
Burada xatırladaq ki, prezident İlham Əliyevin bu il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən missiya məsələsinə geniş toxunub. Vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır: “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi”. Qeyd edək ki, Avropa İttifaqının müşahidəçiləri elə Ermənistana gəldikləri gündən etibarən sülh quruculuğu fəaliyyətindən başqa hər şeylə məşğul olublar. Buraya həm Ermənistanın yeni təxribatlara şirnikləşdirilməsi, həm də ətraf dövlətlərlə bağlı kəşfiyyat məlumatlarının toplanmasına qədər istənilən məqamı aid etmək olar. Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. Ümumən, sözügedən missiyaya nəinki indi, heç vaxt ehtiyac olmayıb. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu təsisatın, prinsip etibarilə, təxribat törətməklə məşğul olduğu aydın görünür. Yəni birmənalı şəkildə məlumdur ki, bunlar kəşfiyyatçılardır və sərhədin hər bir addımını, hər metrəsini təhlil edir, monitorinqini keçirir və toplanmış arayışları da müvafiq olaraq özlərinin kəşfiyyat qurumlarına ötürürlər. O da məlum məsələdir ki, qarşılıqlı etimad mühiti formalaşmadıqca və gərginlik doğuracaq faktorlar qaldıqca, Bakı və İrəvan arasında görüntüsü yalnız üfüqdə közərən sülhün reallığa çevrilməsi mümkünsüzdür. Bunda itirən tərəfin isə Ermənistan olacağı şübhəsizdir. Ona görə də Avropa İttifaqının regional təhlükəsizliyə, sülh və əmin-amanlığın bərqərar olmasına mane olan missiyasının tezliklə sona çatdırılması üçün diplomatik üsullara əl atılması olduqca vacibdir. Heç bir siyasi etika və normaya sığmayan "binokl diplomatiyası" həyata keçirən bu missiyanın fəaliyyəti qəbulolunmazdır. Bu səbəbədən sülhdən bəhs edən Ermənistanın həmin missiyanın fəaliyyətinə son verməsi də vacibdir.
Nahid SALAYEV