Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ-da “tünd sirkə kimi partladı”...
Elşad Musayev: “Bu cür ləyaqətsiz adamlar heç vaxt dəyişməyəcəklər”
Şərəfsizcəsinə Bakıda ona verilən suallara cavab verməyən amerikalı konqresmen Frenk Pallone Azərbaycandan qaçandan sonra ölkəmizə qarşı ittiahmalarla çıxış edərək belə bir paylaşım edib:
“Məni boğmaq cəhdləri yalnız Azərbaycanın zalım rejimi altında əziyyət çəkənlərin məsuliyyət, islahat və ləyaqət uğrunda mübarizə əzmini möhkəmləndirir. Mən Bakıda saxlanılan erməni əsirlərin azad edilməsi, Ermənistanın suverenliyinin qorunması və Azərbaycan qoşunlarının erməni torpaqlarından çıxarılması, nəhayət, regiona sabitlik gətirən ədalətli və davamlı sülh sazişi uğrunda mübarizəmi davam etdirəcəyəm”.
Pallonenin azacıq cəsarəti olsaydı, ona verilən sualları cavablandırardı. Bunları cavablandırmaq əvəzinə, Bakıdan gedəndən sonra Azərbaycanın ünvanına böhtan xarakterli fikirlər səsləndirir.
“Ona görə də Pallone kimi konqresmenlər ifşa edilməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev buna bir neçə prizmadan yanaşdı: “Amerikalı konqresmen Frank Pallone Bakıya gəlmişdi və ona da layiq olduğu cavab verildi. Faktiki, Pallone suyu süzülə-süzülə ölkəmizi tərk etmək məcburiyyətində qaldı. Pallone uzun illərdir erməni lobbisindən yallanır. Ermənilərin lobbiçiliyini edərək çox qərəzli mövqedən çıxış edir. Bu həmin Pallonedir ki, 1999-cu ildə digər konqresmenlərlə Azərbaycana səfər edib. O zaman mərhum prezident Heydər Əliyev haqlı olaraq onları möhkəm danlamışdı. Həmin vaxt ABŞ konqresmenləri məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığı çadır şəhərciyinə gediblər, amma Pallone ora getməkdən imtina edib. Pallone 25 il əvvəl Bakıdan qayıdandan sonra da öz təxribatçı əməllərindən əl çəkmədi və daha da həyasız mövqe tutaraq ermənilərin maraqlarından çıxış etməyə başladı. Deməyim odur ki, bu cür ləyaqətsiz adamlar heç vaxt dəyişməyəcəklər. Bunlar hər zaman erməni lobbisinin maraqlarından çıxış edən şəxslərdir. Ona görə də bunlardan fərqli, Azərbaycanın lehinə mövqe gözləmək olmaz. Bunlar üçün dəyər anlayışı, beynəlxalq hüquq deyə bir şey yoxdur. Bunlar illərdir erməni lobbisinə satılmış konqresmenlərdir. Ona görə də Pallone kimi konqresmenlər ifşa edilməlidir. Necə ki, ABŞ Konqresinin Nyu Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez illər sonra korrupsiya ilə məşğul olduğuna görə həm tutduğu vəzifəni itirdi, həm də həbs edildi. Pallone kimilər də o cür ifşa edilməlidir”.
Vidadi ORDAHALLI