Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır
Dünya Bankı qarşıdakı 10 il ərzində iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard ABŞ dolları ayırmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu Dünya Bankının Davamlı İnkişaf üzrə vitse-prezidenti Yurqen Föqel “Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“Dünya Bankı qarşıdakı 10 ildə iqlim layihələrinin maliyyələşdirilməsi üçün 150 milyard ABŞ dolları ayırmağı planlaşdırır. İnkişaf etməkdə olan ölkələrə 2030-cu ilədək karbon qazı emissiyalarını azaltmaq və gələcək risklərə hazırlaşmaq üçün illik 2,4 trilyon dollar lazım olacaq. Ölkələr, insanlar, iqtisadiyyatlar və şirkətlər çətin dövrlərdən keçirlər. Buna görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankı adından mənim mesajım ola bilər.
Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları ayırdıq. Bu, iqlim maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəkdir. Dünya Bankı iqlim dəyişikliyinə davamlı borc şərtləri kimi yeni alətlər tətbiq edib. Ölkələr, xüsusilə kiçik ada dövlətləri, fəlakətlərlə qarşılaşdıqları zaman, həqiqətən, köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə sazişlərimiz var. Bu ölkələr fəlakətlə qarşılaşdıqları halda borc ödənişlərini təxirə sala və ya azalda biləcəklər. Bu, böyük dəstək göstərir”, – deyə o vurğulayıb.