"Qazaxıstan COP29-un keçirilməsində Azərbaycanı fəal dəstəkləyir" - Zülfiyyə Süleymenova
Qazaxıstan COP29-un keçirilməsində Azərbaycanı fəal dəstəkləyir. Bunu Trend-ə Qazaxıstan Respublikasının prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova Bakıda keçirilən COP29 konfransı çərçivəsində bildirib.
"COP29 region üçün iqlim dəyişikliyi ilə mübarizədə öz fəallığını nümayiş etdirmək üçün bənzərsiz bir fürsətdir. Ümid edirik ki, bu tədbir ekoloji problemlərin həllində fəal iştirak edən bölgələr üçün iqlim riskləri və imkanları barədə məlumatlılığın artırılması istiqamətində mühüm addım olacaq", - deyə o qeyd edib.
Zülfiyyə Süleymənova Qazaxıstan və Azərbaycanın iqlim təşəbbüsləri çərçivəsində birgə fəaliyyətinin inkişaf edəcəyinə və hər iki ölkə üçün müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
"Qazaxıstan və Azərbaycan artıq yüksək əməkdaşlıq səviyyəsinə çatıb, lakin hər iki tərəf əməkdaşlığın genişlənməsi üçün yeni yollar axtarır. Bu kontekstdə mövcud təşəbbüsləri dəstəkləməkdən əlavə, qarşılıqlı layihələr üçün yeni istiqamətləri müəyyənləşdirmək də vacibdir", - deyə o əlavə edib.