Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...
Hüseyn İbrahimov: “Bu məhkəmədən ədalətli qərar gözləmək çətindir”
Noyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı işdə Azərbaycanın qaldırdığı ilkin etirazlara dair qərarını verəcək.
Bu barədə Haaqa Məhkəməsinin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-da açıq iclas keçiriləcək, iclasda hakim qərarı oxuyacaq.
Məlumat üçün qeyd edək ki, 2021-ci il sentyabrın 16-da Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozduğu iddiası ilə Azərbaycana qarşı iş başladıb.
21 aprel 2023-cü il tarixində Azərbaycan Məhkəmənin yurisdiksiyasına dair ilkin etirazlarını təqdim edib və reqlamentə uyğun olaraq bu etirazlarla bağlı qərar çıxarılana qədər proses dayandırılıb.
Göründüyü kimi, noyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi qarşılıqlı olaraq Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarçı iddiasına baxacaq. Maraqlıdır, indiki şəraitdə BƏM-dən nə dərəcədə ədalətli qərar gözləmək olar?
“Məsələ ondadır ki, kimin nə deməsindən asılı olmayaraq, BƏM Qərbin təsiri altındadır”
Sözügedən məsələyə aydınlıq gətirən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Beynəlxalq Ədalət Məhkəməsinin indiki dövrdə nə dərəcədə ədalətli qərar çıxaracağını demək çətindir. Məsələ ondadır ki, kimin nə deməsindən asılı olmayaraq BƏM Qərbin təsiri altındadır. Mövcud reallıq bundan ibarətdir. Təəssüf ki, belə bir dünyada yaşayırıq. Azərbaycan əraziləri 30 il işğal altında qaldı, yaşayış məntəqələri viran qoyuldu. Bir dəfə olsun BƏM buna hansısa münasibət bildirdimi? Yox. Ona görə də bu məhkəmədən ədalətli qərar gözləmək çətindir. Əgər BƏM Ermənistanın xeyrinə qərar çıxaracaqsa, bu, heç bir hüquqi xarakter daşıya bilməz. Qərarın əsasında yalnız siyasi amillər dayanmış olacaq. O zaman BƏM-in qərarlarını ədalətli hesab etmək olar ki, Ermənistanın işğal dövründə törətdiklərinə hüquqi qiymət versin. Əslində bu kimi məsələlər hüquqa söykənməlidir. Təəssüflər olsun ki, bir sıra hallarda bu belə olmur. O baxımdan hesab edirəm ki, burada ikili bir tendensiya var. Hüquqi məsələlərdən çox siyasi məsələlər önə çəkilir. Nəzərə alsaq ki, Azərbaycan uzun illər ikili standartlardan əziyyət çəkib, o baxımdan bizim BƏM-dən ədalətli qərar gözləməyimiz çətin məsələdir. Baxmayaraq ki, Azərbaycan tərəfinin qaldırdığı iddia kifayət qədər ciddi əsaslara və sübutlara malikdir”.
Vidadi ORDAHALLI