Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramıdır. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.
Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.
Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.
1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.
1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb. Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır. 2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqram sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək imkanı yaradılır. Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.
Ölkə ərazisində analoq TV yayımı 2016-cı il dekabrın 20-də tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.
Mətləb