Masazırda tikinti xaosu - Arxitektura Komitəsi bacaracaqmı? Hakim Aynur Axundovadan gözləntilər...
Əkrəm Həsənov: “Son illər inşa edilən tikililərin əksəriyyəti necə gəldi, qanuna məhəl qoyulmadan tikilib”
Məlum olduğu kimi, Masazır qəsəbəsində yaşayış binaları inşa edən "Yeni Masazır" şirkəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Bu mübahisədən dolayı şirkət məhkəməyə müraciət edib.
Qeyd edək ki, iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Aynur Axundovanın icraatındadır.
Danılmaz faktdır ki, bu gün Masazırda inşa edilən yaşayış binalarının sayı günü-gündən artır. Bakı-Novxanı yolunun ətrafında çoxlu sayda hündürmərtəbəli binalar var. Həmin binalar isə necə gəldi, qaydalara əməl edilmədən inşa edilib. Elə bu səbəbdən də Masazırda vəziyyət olduqca bərbad haldadır. Hətta məlumatlara görə, o binaların inşası üçün aidiyyəti qurumlar tərəfindən razılıq belə verilməyib. Qeyd edilən ərazidə inşa edilən tikililərə bələdiyyə, rayon icra hakimiyyəti və digər aidiyyəti qurumlar göz yumur. Nəticədə bu ərazidə vəziyyət kritik hala çatıb.
Maraqlıdır, Masazır qəsəbəsində yaşayış binaları inşa edən "Yeni Masazır" şirkəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında torpaq münasibətlərinə dair mübahisəyə səbəb nədir?
“Şirkət iddia edir ki, bütün qaydalara lazımi şəkildə əməl edib, lakin…”
Hüquqşunas Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün tək Masazırda deyil, Bakının əksər bölgələrində tikinti bumu yaşanır: “Ən pisi odur ki, son illər inşa edilən tikililərin əksəriyyəti necə gəldi, qanuna məhəl qoyulmadan tikilib. Bəzi dövlət qurumları bu tip tikintilərə nəyəsə görə göz yumur. Bu danılmaz faktdır. Ümumiyyətlə, tikinti sahəsi Azərbaycanda ən çox qanun pozuntusu olan, rüşvətin qeydə alındığı bir sahədir. Günü-gündən artan tikintilər, uyğun olmayan ərazidə ucalan göydələnlər göstərir ki, bu nəyəsə görə baş verir. Bəli, Masazır adlanan ərazidə vəziyyət pis həddədir. Kimin pulu varsa bir neçə sot torpaq alır, sonra orda ürəyi nə istəyirsə ucaldır. Həmin inşaat da necə gəldi, qaydalara riayət edilmədən aparılır. Qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı ərazilərdən birinin Abşeron rayonu Masazır qəsəbəsidir. Bataqlıq və gölməçə olan ərazi indi zibillərlə doldurularaq, üstündə qanunsuz həyət evləri inşa edilir.
Həmçinin onu da deyim ki, bəzi hallarda qaydalara tam şəkildə əməl edilirsə komitə şirkətə tikinti aparmaq üçün razılıq vermir. Zənnimcə, “Yeni Masazır" şirkəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında mübahisə məhz bu səbəbdəndir. Bu tip məhkəmə sayları az deyil. Şirkət iddia edir ki, bütün qaydalara lazımi şəkildə əməl edib, lakin komitə razılıq vermir. Bu halda şirkət məhkəməyə müraciət edir”.
Günel CƏLİLOVA