"Maxim" taksi şirkəti bu səbəbdən cəzalandırıldı...
"Maxim" taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edək ki, zamanla taksi fəaliyyəti ilə məşğul olan şirlətlər AYNA tərəfindən cərimələnir. Maraqlıdır, “Maxim" taksi şirkəti hansı səbəbdən cərimələnib?
Aslan Əsədov: “Taksi şirkətlərinin AYNA tərəfindən cərimələnməsinin səbəbi sərnişindaşımanın qaydalarını pozmasıdır”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, taksi şirkətlərinin AYNA tərəfindən cərimələnməsinin səbəbi sərnişindaşımanın qaydalarını pozmasıdır. Şirkətlər sərnişindaşıma qaydalarına əməl etmədiyi təqdirdə cəzalandırılır: “Qanunvericiliyin tələbinə uyğun olaraq həmin şirkətlər cərimələnir. Sərnişinlərin çoxsaylı şikayəti əsasında taksi şirkətlərinin qaydalara nə cür riayət etməsi məlum olur. Bununla yanaşı, əhali arasında da sorğu keçirilir. Bu tip sorğular daha çox sosial şəbəkə üzərindən aparılır. Həmin sorğunun cavabları əsasında yekun qərar təyin edilir”.
Fərid Həşimov: “Maxim" taksi şirkəti inzibati qaydaları pozduğu üçün cərimələnib, narazılıq daha çox qiymətlə bağlı olur”
Nəqliyyat eksperti Fərid Həşimov qəzetimizə şərhində qeyd etdi ki, taksi şirkətlərinin cərimələnməsinin bir neçə səbəbi var: “Maxim" taksi şirkəti inzibati qaydaları pozduğu üçün cərimələnib. Narazılıq daha çox qiymətlə bağlı olur. Yəni ünvana gedib çatanda qiymət dəyişirsə, bu, artıq qanun pozuntusudur. Tutaq ki, gediş haqqı 5 manat yazıb, sürücü deyir ki, bu məsafəyə 7 manata aparacaq. İki manat da əlavə alır. Təcrübədə belə hallar olub. Təbii ki, bu kimi hallar narazılığa səbəb olur. Bununla yanaşı, kartla ödəniş zamanı sifarişi ləğv etmək də narazılığa səbəb olur. Adıçəkilən şirkətin cərimələnməsinin bir səbəbi də sürücülərin yeni maşınla qeydiyyatdan keçib, köhnə nəqliyyat vasitəsi ilə xidmət göstərməsidir. Bu kimi hallar şirkətin cərimələnməsinə səbəb olub”.
Leyla QARAXANLl