Məmməd İsmayılın “boz ədəbiyyat”ı... və ya xroniki mətnsizlik sindromu
Demək olar ki, bütün dövrlərdə KREATİV KEYFİYYƏTin fonunda təqdim olunan ədəbi İmzalarla yanaşı kütlə təfəkkürünə söykənmiş kəmiyyətin müstəvisində görünən imzalar da az olmayıb, olmur, heç az olmayacaq da...
Təbii ki, FUNDAMENTAL XƏTT bu paralelliyin KREATİV KEYFİYYƏT olan hissəsində, qolundadır. Digər xətt, belə demək mümkündüsə, digər “cəbhə” yalnız KÜTLƏVİLƏŞMİŞ ÇOXLUĞun, (az öncə vurğuladığım kimi) kəmiyyətin fövqündə mövcuddur. Bu isə ciddi sənətlə əks “cəbhədə” dayanan “boz ədəbiyyat”ın mahiyyətini, varlığını, eləcə də xroniki mətnsizlik sindromunun təməlini təşkil edir...
Elə bu məqamda məsələn, götürək, həmin “boz ədəbiyyat”ın mənsublarından olan Məmməd İsmayılın illərdi yazdıqlarını... Azacıq ciddi ədəbiyyata, yaratmaq potensialının fəlsəfəsinə bələd olan istənilən bir fərd çox sərrast şəkildə müşahidə edib, fərqinə vara bilər ki, Məmməd İsmayılın şeirlərinin mahiyyətinin mənbəsi idraki qatda mövcud olan SPESİFİK YARADICI LABORATORİYAnın FÖVQƏL ENERJİ ilə vəhdəti deyil. Çünki ciddi sənətin əsasını, özülünü təşkil edən bu vahid ƏDƏBİ MEXANİZM, bu ALİ KOD Məmməd İsmayılda heç vaxt mövcud olmayıb...
Bir az da obrazlı şəkildə desək, Məmməd İsmayılın şeirlərində ədəbi düşüncənin “ibtidai icma quruluşu”, ibtidai halı... daim hökm sürüb. Orada rabitəsiz səslər, ahəng, pafos, sentimentallıq... və bu kimi ibtidai mərhələnin göstəricisi olan müəyyən predmetlər özünü ortaya qoyub. Ona görə də bütün zamanlarda Məmməd İsmayılın qələmi SƏNƏTi ehtiva edən yetkin mətndən, irrosional düşüncə ştrixlərinin inkarında dayanan yaradıcı emalatxananın iş prinsipindən, ümumbəşəri mətn novatorluğundan birmənalı şəkildə uzaq olub.
Adamın bir müəllif olaraq ədəbiyyat təsəvvürləri, baxış tərzi, dünyagörüşü “boz çevrə”dən bir addım belə artan və müsbət istiqamətdə heç vaxt kənara çıxa bilməyib...
Digər tərəfdən, yazdıqlarında publisistik harmoniyanı, psixoloji diqtə konyunkturasını, müəyyən alliterasiyaları... nümayiş etdirmək sadəcə kütlə təfəkkürünə duyğu təsiri göstərib, necə deyərlər, kütləni “ələ almaqla” nəticələnə bilər, ancaq fundamental ədəbi idrakı, ciddi yaradıcılıq trayektoriyasını ortaya qoymağa xidmət edə bilməz. Necə ki, edə bilməyib...
Məhz bu mənada uzun illərdi qələmə aldıqlarında xroniki mətnsizlik sindromunu yaşadan Məmməd İsmayılın şeirləri sənətin çölündəki çoxluqların — yalnız kütlənin alt şüurunda və ümumilikdə “duyğu sferası”nda “diridir”. Təbii ki, bu “dirilik” də “ədəbi dirilik” xarakteri yox, müvəqqəti təsir xarakteri daşıyır...
Emil Rasimoğlu