Ramil Həsən: "Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir"
Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən oktyabrın 9-da Varşavada, ATƏT-in İnsan Ölçüsü Konfransının plenar sessiyasında çıxış edib. Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.
Öz şəxsi qaçqınlıq hekayəsi, Ermənistandan azərbaycanlıların qovulması, onların qayıdışına imkan verilməməsi barədə məlumat verən R.Həsən bəzi dairələrin Azərbaycandan könüllü köçmüş ermənilərin məsələsini süni şəkildə gündəliyə gətirdiyi halda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı hüququna münasibətdə ayrı-seçkilik nümayiş etdirdiklərini bildirib. O, ədalət və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdışı hüququna hörmət edilməsinin vacibliyini vurğulayıb. R.Həsən konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib.
Qeyd edək ki, ATƏT-in illik əsasda keçirdiyi İnsan Ölçüsü Konfransı ATƏT məkanında insan hüquqları və fundamental azadlıqlar məsələsinə həsr edilir. Qərbi Azərbaycan İcması müntəzəm olaraq bu konfranslara qatılaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsini qaldırır. İcmanın builki konfrans çərçivəsində keçirdiyi yan tədbir və plenar sessiyada iştirakı Qərbi azərbaycanlıların qayıdış hüququ üzrə beynəlxalq məlumatlılığın artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Mətləb Salahov